Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Hit.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Qeyd edək ki, bu gün bir sıra media resursunda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulduğu xatırladılıb.
Həmçinin su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları arasında müzakirələrin aparıldığına dair məlumat verilib.
Bəzi saytlarda və sosial mediada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməsi ilə bağlı məlumat yayılıb.


