Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi azalıb.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri 98,132 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən illə müqayisədə 10 faiz azdır. Həmçinin, cari ilin yanvar ayında Azərbaycan Gürcüstandan 9,236 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib. Bu da keçən ilin eyni eyni dövrü ilə müqayisədə 8,3 faiz azdır.
Bəs bu azalma göstəricilərinə səbəb nədir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, Gürcüstanla Azərbaycan arasındakı ticarətin zəifləməsi təkcə iki ölkə arasında olan ticarət münasibətləri ilə bağlı deyil:
“Xüsusilə də dünyada dəyişən yeni trendlər, yeni bazarların yaranması tərəfdaş ölkələrin də idxal və ixrac əməliyyatlarının istiqamətlərini dəyişir. Məsələn, Gürcüstanın Çinlə olan iqtisadi-ticari münasibətləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 faiz artıb. Eyni zamanda, Gürcüstan Rusiya bazarlarına daha çox məhsul ixrac etməyə başlayıb. Nəticədə Azərbaycanla ticarət münasibətlərində kiçilmə müşahidə edilir. Yəni bu iki ölkə arasında olan ticarət münasibətləri ilə bağlı deyil, qlobal trendlərin dəyişməsi ilə bağlı olan məsələdir”.
Ekspert qeyd edib ki, Azərbaycanın özünün ümumi həm idxal, həm də ixrac dövriyyəsində azalma və kiçilmə müşahidə edilməkdədir:
“Son iki ay ərzində idxalda 30 faizdən çox azalma prosesi baş verib. Bütövlükdə Azərbaycanın xarici ticarət dövriyyəsində idxalın payı 30 faiz kiçilirsə, burada əsas tərəfdaş kimi Gürcüstanın da payı müəyyən qədər azalmağa başlayır. Azərbaycan iqtisadiyyatında yanvar və fevral aylarındakı kiçilmə, xüsusilə də avtomobil idxalı ilə bağlı ciddi şəkildə azalmalar yaşanıb. Bu isə ümumi ticarət göstəricilərinə mənfi təsir edib.
Digər tərəfdən, Azərbaycan alternativ bazarlara yönəlib. Məsələn, Azərbaycan ən çox mal və qoyun əti idxal etdiyi ölkələrdən biri Gürcüstan idi. Hətta 2025-ci ildə 2024-cü il ilə müqayisədə 2,5 faiz artım müşahidə edilmişdi. Lakin artıq Azərbaycan daha çox digər ölkələrə yönəlməyə başlayıb. Hindistandan və Monqolustandan ölkəmizə mal və qoyun ətinin idxalı son dörd ay ərzində əvvəlki dövrlərlə müqayisədə iki dəfəyə qədər artıb”.
Razi Abbasbəylinin sözlərinə görə, mal və qoyun ətinin idxalında Azərbaycanda Gürcüstanı Monqolustan, Ukrayna və Hindistan əvəz etməyə başladı:
“Bu da təbii ki, Gürcüstandan Azərbaycana idxalın zəifləməsinə gətirib çıxardı. Yəni tərəflər arasında idxal-ixracatın azalması, həcminin aşağı düşməsi həm Azərbaycanın iqtisadi münasibətlərlə bağlı alternativ bazarlara yönəlməsinə görədir, həm də dünyada iqtisadi münasibətlərin sisteminin dəyişməsi nəticəsində yaranan bir mənzərədir”.
Elmir Mustafa



