Azərbaycanda kirəyə mənzillərin qiyməti açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda bildirilir ki, 2025-ci ilin yekununda Azərbaycanda kirayə qiymətləri bahalaşıb. Ötən illə müqayisədə 7,8 faiz artıb. Kirayə qiymətlərin artım tempi ötən ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan etibarən yenidən yüksəlib.
Maraqlıdır, kirayə mənzillərin qiymətinin artmasına səbəb nədir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Hit.az-a açıqlamasında bildirib ki, kirayə mənzillərin qiymətinin artması daşınmaz əmlak bazarının investisiya cazibədarlığı ilə bağlıdır:
"Daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyi ondadır ki, hər il orta hesabla 10-20 faiz artım müşahidə olunur. Son illərdə daşınmaz əmlakın qiyməti ümumilikdə 80 faiz bahalaşıb. Lakin bu, orta göstəricidir. Elə ərazilər var ki, orada qiymətlər 200 faizə qədər yüksəlib. Bunun səbəbi odur ki, əhali və sahibkarlar daha ciddi və sərfəli investisiya aləti görmədikləri üçün daşınmaz əmlak hələ də prioritetliyini qoruyub saxlayır. Bahalı qiymətə alınan mənzillər kirayə bazarında da daha yüksək məbləğə təklif olunur. Məsələnin digər tərəfi də var. Əgər tələb olmasa, mənzil alqı-satqısı da bu qədər dinamik olmaz. Bu iki istiqamət bir-biri ilə sıx bağlıdır və qarşılıqlı şəkildə bir-birini tənzimləyir".

Kirayə mənzillərə tələbatın artmasına gəlincə, həmsöhbətimiz bildirib ki, Bakı ilə regionlar arasında müəyyən disbalans mövcuddur:
"Adətən əhali rayonlardan Bakıya üz tutur. Bu isə kirayə mənzil bazarında tələbi artırır. Eyni zamanda, ölkənin inkişafı xarici investorların da marağına səbəb olub. Xarici investorların ölkəyə axını nəticəsində həm qeyri-yaşayış obyektlərinə, həm də mənzillərə tələbat yüksəlib. Mövsümi amil də nəzərə alınmalıdır. Məlumdur ki, hər il 50 mindən çox abituriyent tələbə adını qazanır. Ölkədə tələbələr üçün kifayət qədər yataqxana şəraiti olmadığından, onlar daha çox kirayə mənzil bazarına yönəlirlər.
Bundan əlavə, daşınmaz əmlakın həm satış, həm də kirayə qiymətlərinin artmasının səbəblərindən biri manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklərdir. Əvvəllər bazara öz əmlakını çıxaran şəxs onu 100 min manata sataraq müəyyən problemlərini həll edə bilirdisə, indi eyni məqsədləri reallaşdırmaq üçün avtomatik olaraq 130-140 min manat qiymət təklif edir. Ərzaq və qeyri-ərzaq məhsullarının, nəqliyyat və kommunal xərclərin artdığı bir dövrdə mənzil qiymətlərinin yüksəlməsi təbii haldır. Bu, həm də beynəlxalq proseslərlə bağlı məsələdir. Daşınmaz əmlakın qiymətləri təkcə ölkəmizdə deyil, dünyada da artmaqdadır".
V.Oruc əlavə edib ki, pandemiya dövründə fərdi bizneslə məşğul olanlar qapanmalar və risklərlə üzləşdilər:
"Bu da göstərdi ki, aktiv biznes gəlirli olsa da, risklidir. Pandemiyadan sonra insanlar daha çox passiv gəlir mənbələrinə üz tutdular. Passiv biznes dedikdə əmlakın alınması, qızıla investisiya qoyuluşu nəzərdə tutulur. 2026-cı il də daxil olmaqla qarşıdakı illərdə əmlak bazarında artım çox yüksək olmayacaq. Lakin qiymətlərin ucuzlaşmasından söhbət gedə bilməz".
Günel


