Son zamanlar onlayn ticarətə üstünlük verilir.
İnsanlar dükan-dükan gəzməyi deyil, onlayn şəkildə alış-veriş etməyi daha məqbul hesab edirlər. Lakin onlayn ticarətin genişlənməsi müəyyən narazılıqlara gətirib çıxarır.
Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı bildirib ki, Azərbaycanda elektron ticarətin genişlənməsi ilə gömrük sahəsində hüquqpozmaların sayı artır:
“Gömrük orqanları ilə əlaqədar yaranan, məhkəmələrdə qeydiyyata alınmış işlərin sayında artım onu göstərir ki, müəyyən şəxslər çalışırlar ki, dövlətin ödənişlərindən yayınsınlar və yaxud digər hüquqpozmaları həyata keçirsinlər".
Bu fikir ictimaiyyət arasında narazılığa və müzakirələrə səbəb olub. Hətta Azərbaycanda onlayn ticarətə məhdudiyyətlərin qoyula biləcəyi iddiaları yayılıb.
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, onlayn ticarətə məhdudiyyət qoyula bilməz, qoyulmamalıdır:
"Ümumiyyətlə, ticarətin hansısa formasına məhdudiyyət qoyulmamalıdır. Onlayn ticarətin ənənəvi ticarətdən müəyyən üstünlükləri var. Bu üstünlük 300 dollara qədər vergisiz və rüsumsuz ticarət etmək imkanıdır. Hər bir vətəndaşa belə bir imkan verilib".
Lakin onun sözlərinə görə, bu ənənəvi ticarətin boğulmasına səbəb olur:
"Ənənəvi ticarətlə onlayn ticarət üçün eyni şərtlər formalaşmalıdır. Ənənəvi ticarətlə məşğul olanlar 33-35 faiz vergi ödəyir, onlayn ticarətdə isə bu yoxdur. Bunun da düzgün olmadığını düşünürəm".
Günel



