Yumurtanın qiyməti bu qədər artacaq - RƏQƏM

İQTİSADİYYAT
18:59 / 25.02.2026
90

Son vaxtlar Rusiyada yumurta qiymətləri artır. 

Belə ki, Rusiya topdansatış məntəqələrində yumurta qiymətlərinin 80 faizdən çox artması haqqında məlumatlar yayılıb. Qonşu ölkədə qeydə alınan bu bahalaşmanın Azərbaycan bazarına da təsir edəcəyi ehtimal edilir. 

Görəsən, Rusiyada yumurtanın bahalaşması ölkəmizə də təsir edə bilərmi? Ümümiyyətlə, bizdə yumurtanın qiyməti təxminən nə qədər artacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Rusiyada yumurtanın qiymətinin kəskin artması regional tədarük zəncirlərinə təsir edə və qonşu ölkələrdə də qiymət artımına səbəb ola bilər:

392831

"Azərbaycanda da yumurta idxalından və yerli istehsaldan asılı olaraq qiymətlərin yüksəlməsi mümkündür. Əgər orada idxal payı yüksəkdirsə, bu, birbaşa qiymətə təsir edəcək. Nəzərə almaq lazımdır ki, ölkəmiz bəzi ərzaq məhsullarını, o cümlədən yumurtanı Rusiyadan idxal edir. Lakin bazarın əsas hissəsini yerli istehsalın təmin etdiyi də faktdır. Yəni yumurtanın Rusiyadan idxal olunması bazarda əlavə təzyiq yarada bilər, amma qiymətlərin əsas sürətlə artması daha çox daxili istehsal və digər xərclərlə bağlıdır, idxaldan asılılıq tam deyil".

Ekspert qeyd edib ki, hazırda yumurta baha olduğundan, əlavə təzyiq qiymətlərin daha da artmasına gətirib çıxara bilər:

"Ötən illə müqayisədə yumurtanın 2 dəfə bahalaşması fonunda gələcəkdə qiymət artımı nisbətən daha az, 5-20 faiz civarında gözlənilməsi mümkündü. Bu artım həm idxal xərclərinin, həm də daxili istehsalın bahalaşması ilə əlaqədar ola bilər. Qiymət artımını yumurta istehsalçıları, ərzaq ticarətçiləri və idxal tarifləri müəyyən edəcək. Bu səbəbdən də əvvəlcədən dəqiq rəqəm proqnozlaşdırmaq çətindir".

Günel

0