ABŞ və İsrailin fevralın 28-də İrana hücumu ilə başlayan hərbi əməliyyatlar neftin qiymətinə də təsirsiz ötüşməyib.
Belə ki, artıq London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 80 dolları keçib. Üstəlik, davam edən müharibə fonunda bunun daha da artacağı proqnozlaşdırılır.
Bəs müharibə davam edəcəyi təqdirdə, neftin qiyməti hansı səviyyəyə qədər yüksələ bilər? Ümumiyyətlə, bu hal Azərbaycana necə təsir edər?
REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdəki müharibə neftin qiymətinə təsir edir:
“Artıq dünya bazarında neftin qiyməti 80 dolları keçib. Azərbaycan tərəfindən bu məsələyə baxanda bizim neft gəlirimiz artacaq, ancaq bunun uzunmüddətli olacağı ehtimal olunmur. Müharibənin hansı vəziyyətə qədər davam edəcəyi neft qiymətlərinin hansı həddə doğru dəyişəcəyini göstərəcək. Əgər bu müharibə bir neçə günə yekunlaşarsa, onda neftin qiyməti də yenidən aşağı düşəcək”.
Həmsöhbətimizin dediyinə görə, neftin qiymətinin aşağı düşməsinin fundamental səbəbi yoxdur:
“Nə hasilatla bağlı problem var, nə də dünya bazarında neft azalır. Sadəcə olaraq dünən “OPEC+” şirkəti ölkələrin kvotalarını artırdı. Bu isə hasilatın artması deməkdir. Problem logistika və müharibə gərginliyi ilə bağlıdır. Bu gərginlik azalan kimi neftin qiyməti də aşağı düşür. Lakin Yaxın Şərqdəki gərginlik uzun müddət davam edərsə, neftin qiyməti daha da yüksəlib 90 dolları belə keçər”.
Günel



