ABŞ və İran arasında artan gərginlik regionda iqtisadi proseslərə təsir edə biləcək ciddi amil kimi qiymətləndirilir.
Xarici siyasi risklər adətən maliyyə bazarlarında dalğalanmalara səbəb olur, bu da daşınmaz əmlak bazarından da təsir edə bilər. Əgər İrandan qaçıb təhlükəsizliyini qorumaq istəyən vətəndaşlar Azərbaycana köç edərsə, bəzi bölgələrdə mənzil tələbatı artacaq və qiymətlərdə yüksəliş müşahidə oluna bilər.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, böyük köç olarsa, mənzil qiymətləri arta bilər:
“Hazırkı vəziyyətdə bizim quru sərhədlərimizin bağlı olduğunu bilirik. İrandan kütləvi köç gələcəyini güman etmirəm. Lakin bu hal olarsa, dövlətimiz humanist yanaşaraq müharibədən zərər görmüş dinc əhali üçün sərhədləri açaraq humanistlik göstərə bilər.
Təbii ki, bu, xüsusilə əmlak bazarın, xüsusilə kirayə mənzil bazarına böyük təsir göstərə bilər. Çünki oradan müharibədən qaçmış şəxslər burada müvəqqəti yaşamaq üçün kirayə mənzil axtaracaqlar. Onsuz da kirayə mənzil bazarında çatışmazlıq mövcuddur, çünki Bakı şəhərinin bir neçə istiqamətində söküntülər gedir.
Bu söküntülər zamanı həmin binalarda yaşayan insanlar tikinti şirkətləri ilə danışaraq müvəqqəti olaraq kirayə mənzillərlə təmin edilir. Tikinti şirkətləri bu prosesi adətən 2–3 il müddətinə həyata keçirir”.
Onun sözlərinə görə, hazırda mənzil bazarında satışla bağlı durğunluq hökm sürür:
“Qiymətlərdə az da olsa, enmə müşahidə olunur, çünki satıcılar mənzillərini tez satmaq üçün bir-biri ilə rəqabət aparır. Rəqabət olduğu üçün satış qiymətləri az da olsa aşağı enir.
Kirayə mənzillərdə isə əksinə, mənzil çatışmazlığı yaranıb. Davam edən müharibə uzun müddət çəkərsə və dinc əhali zərər görərsə, Azərbaycan hökuməti sərhədi açıb gələn qaçqınların ölkəyə girişinə icazə verərsə, bu, kirayə mənzil bazarında böyük tələbat yaradacaq. Bu tələbat nəticəsində qiymətlər bir daha yüksələ bilər”.
Ekspert qeyd edib ki, gələnlərin hamısının Bakı şəhərinə gələcəyini düşünmürəm, rayonlara da yayıla bilərlər:
“Bildiyimiz kimi, rayonlarda kirayə qiymətləri o qədər də baha deyil, ona görə qiymət artımı əsasən cənubla İranla sərhəd rayonlarında daha çox ola bilər. Ümumilikdə, əgər belə hal baş verərsə, Azərbaycanda, xüsusən Bakı şəhərində və bütün regionlarda kirayə mənzillərə tələbat artacaq və təklif tələbi üstələdiyi üçün qiymətlərdə ciddi artım müşahidə olunacaq”.


