Məlum olduğu kimi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Bununla bağlı vətəndaşlardan müraciətlərin qəbuluna isə 5-6 martdan etibarən başlanılacağı açıqlanıb. Maraqlıdır, ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılması evlərin qiymətinə təsir edə bilərmi?
Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılması birbaşa daşınmaz əmlakın qiymətinə təsir edir:
“İpotekanın aktiv olduğu dövrdə daşınmaz əmlak bazarında canlanma baş verir. Əsasən də ipoteka predmetinə yönəlmiş əmlakların qiyməti daha da artır. Buna baxmayaraq, həmin əmlak tez satılır. Nəzərə almaq lazımdır ki, son 5 il ərzində daşınmaz əmlak qiymətləri stabil şəkildə bahalaşır. Bu səbəbdən də ipotekaya müraciətlərin sayı daha da artmaqdadır”.
Həmsöhbətimiz hesab edir ki, bu ilin sonuna qədər daşınmaz əmlak bazarında 10-12 faizdən çox bahalaşma gözlənilir:
“Bahalaşma Bakı, Sumqayıt və Xırdalan şəhərində qeydə alınacaq. Bazarda ipoteka aktiv olduğuna görə bazarın müəyyən bir payı ipoteka ilə yüklənmiş olur. Nəticədə, satışa çıxarılan əmlakların payı getdikcə azalır. Ona görə də bazarda qıtlıq yaranır və ipoteka istehlakçıları özlərinə mənzil tapmaqda çətinlik çəkirlər. Bu da daha çox sosial imtiyazlı mənzil almaq istəyən istehlaçılara aiddir”.
Günel



