Ötən gün İranda ixracla bağlı bəzi qadağalar qüvvəyə minib.
Belə ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyi mövcud makroiqtisadi şərait, ərzaq bazarındakı qiymət volatilliyi və daxili tələbatın artmasını əsas gətirərək bir sıra məhsulların ixracına məhdudiyyət tətbiq etdiyini açıqlayıb. Bu qərarın daxili bazarda təklif çatışmazlığının qarşısını almağa və qiymət sabitliyini qorumağa hesablandığı bildirilib.
Məsələnin regional aspekti də diqqət çəkir. Azərbaycan bazarında İran mənşəli kənd təsərrüfatı məhsullarının payı nəzərə alınarsa, ixrac məhdudiyyətinin təsirləri qaçılmaz görünür.
Belə olan halda sual yaranır ki, məlum qadağa Azərbaycan bazarına necə təsir edəcək? Ölkə bazarındakı məhsullarda qiymət artımı gözlənilir?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, İranda baş verən hadisələr və ixracın dayandırılması Azərbaycan bazarına təsir edəcək:
“İrandan məhsulların ixracının dayandırılması yerli bazarda qiymət artımına səbəb olacaq. Həmçinin, məlum müharibə İran üzərindən daşımalara da problem yaradacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycandan tək İran məhsulları almır, eyni zamanda İran üzərindən daşımalar həyata keçirir. Türkiyə, Çin və Yaxın Şərq ölkələrinə idxal olunan məhsullar İran üzərindən Bəndər-Abbas limanından keçir. Üstəlik, Bəndər-Abbas limanının vurulması ilə də bağlı məlumatlar yayılır. Faktiki olaraq, bu amil də qiymətə təsir edir və edəcək”.
Günel Cəlilova



