Son günlərdə Yaxın Şərqdə başlayan müharibə təkcə siyasi və hərbi müstəvidə deyil, həm də qlobal iqtisadi sistemdə dalğalanmalara gətirib çıxarıb.
Bu gərginlik rəqəmsal aktivlər bazarından da yan keçməyib. Hazırda dünya üzrə kriptovalyuta bazarının ümumi kapitallaşması təxminən 2,33 trilyon dollar həcmində qiymətləndirilir. Əlbəttə ki, qlobal hadisələr Azərbaycan bazarındakı kriptoinvestorların davranışına da təsirsiz ötüşmür. Yerli investorlar beynəlxalq trendləri yaxından izlədiklərina görə risklərin artdığı dövrlərdə daha ehtiyatlı mövqe tutmaq, qısa müddətli əməliyyatlara üstünlük vermək və ya portfellərini diversifikasiya etmək meyli göstərə bilərlər.
Maraqlıdır, İran müharibəsinin kriptovalyuta bazarına hansı təsirləri olacaq?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, Yaxın Şərq regionunda, xüsusilə İran ətrafında geosiyasi gərginliyin artması qlobal maliyyə bazarlarında olduğu kimi kriptovalyuta sektorunda da təsirlər yarada bilər:
“Çünki belə hadisələr bir qayda olaraq maliyə bazarlarına təsir edir. Təcrübə göstərir ki, hərbi və siyasi risklərin yüksəlməsi fonunda investor davranışında dəyişiklik baş verir və bazarlarda qısamüddətli volatillik artır. Buna görə də aparıcı kriptovalyutalarda, xüsusilə də “Bitcoin” və digər rəqəmsal aktivlərdə qiymət dalğalanmalarının intensivləşməsi mümkündür. Geosiyasi risklərin artması ilk mərhələdə riskli aktivlərdən kapital axınına səbəb ola bilər. Eyni zamanda, maliyyə sistemlərinə təzyiq, beynəlxalq ödəniş mexanizmlərinə məhdudiyyətlər və sanksiyaların genişlənməsi hallarında kriptovalyutalara alternativ maliyyə aləti kimi marağın artması ehtimalı da olur”.
Ekspert qeyd edib ki, regionun enerji bazarındakı rolu nəzərə alınmaqla, mümkün hərbi eskalasiya neft qiymətlərinə və inflyasiya gözləntilərinə təsir göstərə bilər:
“Bu isə dolayı yolla qlobal risk iştahasına və rəqəmsal aktivlərə investisiya qərarlarına təsir edən mühüm makroiqtisadi faktor hesab olunur. Üstəlik, beynəlxalq kriptovalyuta birjaları üçün tənzimləmə və uyğunluq tələblərinin sərtləşməsi, sanksiya rejimlərinin genişlənməsi və regional məhdudiyyətlər əlavə əməliyyat riskləri yarada bilər.
Hazırkı mərhələdə bazar iştirakçılarına tövsiyəm odur ki, geosiyasi xəbərləri diqqətlə izləsinlər, risklərin bölüşdürülməsi prinsiplərinə riayət etsinlər. Loru dillə desək “bütün yumurtaları eyni səbətdə saxlamasınlar” və yüksək volatillik şəraitində ehtiyatlı mövqe tutsunlar. Ümumiyyətlə, kriptovalyuta bazarının reaksiyası müharibələrin miqyasından, coğrafiyasından, beynəlxalq reaksiyadan və qlobal makroiqtisadi şəraitdən birbaşa asılı olacaq”.
Günel Cəlilova



