Tovuzda qəhvəyi mərmər bağacığına qarşı mübarizə işinə həsr olunmuş tədbir keçirilib

İQTİSADİYYAT
23:55 / 04.03.2026
43

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Tovuz rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək, zərərvericinin yayılma arealını minimuma endirməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ərazisində bitki zərərvericilərinə, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı sistemli mübarizə tədbirlərinin davam etdirildiyini, zərərvericilərə qarşı mübarizə işinin təşkilində rayonda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının aktiv iştirak etdiyini deyib. O bildirib ki, mübarizə işlərinin sürətləndirilməsi məqsədilə rayon sakinləri arasında davamlı məlumatlandırma işi aparılır.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. O bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.

AXA sədri vurğulayıb ki, yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər intensivləşdirilməli, mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir.

Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.

0