Bayram süfrəsi qurmaq istəyən vətəndaşlar üçün bazara getmək getdikcə daha çətin olur.
Çünki hər bayram yaxınlaşdıqca ərzaq məhsullarının qiymətləri də sürətlə artır. Hətta adi günlərdə münasib qiymətə satılan məhsullar belə bayram ərəfəsində xeyli bahalaşır.
Nəticədə alıcılar haqlı olaraq sual verirlər: Nə üçün bayram ərəfəsində qiymətlər bu qədər yüksəlir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, bayram ərəfəsində bazarlarda ərzaq məhsullarının qiymətlərinin artmasının əsas səbəbi tələbatın kəskin şəkildə yüksəlməsidir:

"İnsanlar bayram süfrəsinə daha çox ərzaq məhsulu almağa çalışdıqlarına görə bazarda alıcı sayı da artır. Tələbat çoxaldıqda isə satıcılar bunu nəzərə alaraq qiymətləri qaldırırlar. Bundan başqa, bayram günlərinə yaxın dövrdə bəzi məhsulların bazara gətirilməsi və daşınması ilə bağlı xərclərin də yüksəlməsi baş verir".
Ekspert qeyd edib ki, logistika, saxlanma və satış xərclərinin yüksəlməsi də öz növbəsində qiymətlərə birbaşa təsir edir:
"Bəzi hallarda da satıcılar artan tələbatdan istifadə edərək daha çox qazanc əldə etmək məqsədilə qiymətləri süni şəkildə yüksəldirlər. Nəticədə, bazarda tələb və təklif arasındakı balans dəyişir. Bu da adi vaxtlarda daha ucuz olan bəzi ərzaq məhsullarının bayram ərəfəsində daha baha qiymətə satılmasına gətirib çıxarır".
Günel Cəlilova


