Bankların bağlanması prosesi davam edəcək?

İQTİSADİYYAT
10:36 / 12.03.2026
119

Azərbaycanda bank sektorunda daralma davam edir. 

Məlumdur ki, bugünlərdə daha bir bank fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrildi və bununla ölkədə bankların sayı 21-ə düşüb. Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən, banklarla bağlı şikayətlərin ən çox ünvanlandığı maliyyə qurumu BTB Bankdır. Siyahıda Express Bank ikinci, AFB Bank üçüncü, Azər-Türk Bank isə növbəti pillələrdə yer alır.

Maraqlıdır, bankların bağlanma prosesi davam edə bilərmi?

İqtisadçı ekspert Eyyub Kərimli Hit.az-a açıqlamasında deyib ki, son illər ölkədə bankların sayı azalır:

394239

"Azalma bank sektorunda yaşanan rəqabətlə bağlıdır. Banklar bəzən rəqabətə tab gətirməyərək ya bağlanır, ya da birləşir. Azərbaycan tarixində də bir çox bankın bağlanmasının şahidi olmuşuq. Bəzi banklar isə müəyyən məmurlara bağlı olduğu üçün onlar vəzifədən getdikdən sonra fəaliyyətini dayandırır".

Ekspert qeyd edib ki, bəzi banklar mövcud standartlara cavab vermədikləri və kapitalları artmadığı üçün fəaliyyətlərini davam etdirə bilmirlər:

"Bu isə sonda həmin bankların bağlanmasına gətirib çıxarır. Bankların gəlirliliyi əsasən kredit fəaliyyəti üzərində formalaşır. Bu kimi amillər də bəzi bankların müflis olmasına və fəaliyyətini dayandırmasına səbəb olur. 

Əslində, bankların bağlanması müəyyən mənada təbii proses hesab olunur. Əsas məqam isə ondan ibarətdir ki, əmanətçilərin vəsaitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Məlumdur ki, 100 min manata qədər olan əmanətlər sığortalanır və bu da bank bağlandığı zaman vətəndaşların vəsait itirməsinin qarşısını alır".

Günel Cəlilova

0