Son zamanlar əksər büdcə təşkilatlarında ixtisarlar qeydə alınır.
Bu günlərdə Ağdam Rayon İcra Hakimiyyətində kütləvi ixtisar olunub. Sözügedən qurumdakı islahatlar onlarla iş yerinin ləğv edilməsi ilə nəticələnib. Həmçinin, daha əvvəl Ağsu, Tovuz, Cəlilabad, Quba, Göyçay və Bərdə Rayon, habelə Lənkəran Şəhər icra hakimiyyətlərində kütləvi ixtisarlar aparılıb.
Maraqlıdır, dövlət qurumlarında qeydə alınan ixtisarların səbəbi nədir və bu hal davam edəcəkmi?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, bu proses mütləq şəkildə davam etdirilməlidir:
“Yalançı məşğulluq və dövlət aparatında iş yerlərinin əsassız şəkildə şişirdilməsi həm iqtisadiyyat, həm də insan resurslarının səmərəsiz istifadəsi baxımından zərərlidir, habelə biznes mühitinə mənfi təsir göstərir. Azərbaycanda uzun müddət məşğulluq strukturunda dövlət sektoru özəl sektoru üstələyib. Hazırda isə özəl sektor müəyyən qədər irəlidədir. İnkişaf etmiş ölkələrdə isə fərqli mənzərə müşahidə olunur”.
Ekspert qeyd edib ki, həmin ölkələrdə dövlət sektorunda məşğulluğun payı daha aşağıdır:
“Dövlət sektorunda əməkhaqları əsasən vergi gəlirləri və ya Dövlət Neft Fondu hesabına formalaşır. Bu baxımdan dövlət sektorunun tədricən kiçildilməsi zəruri hesab olunur. Bu prosesə rəqəmsallaşma və texnoloji inkişaf da təkan verir. Hesab edirəm ki, ixtisarlar davam etdirilməli, ancaq bu addımlar sürətli deyil, mərhələli və düşünülmüş şəkildə həyata keçirilməlidir”.
Günel Cəlilova



