Azərbaycan Rusiya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

İQTİSADİYYAT
21:00 / 20.03.2026
48

2025-ci ildə Rusiya Federasiyasının Azərbaycana birbaşa investisiyalarının həcmi 267,8 milyon ABŞ dolları təşkil edib.

HİT.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 33,5 milyon dollar və ya 14,3% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan reallaşan investisiyaların payı 4,1% təşkil edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Rusiya iqtisadiyyatına 52,8 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 34,2 milyon dollar və ya 2,8 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Rusiyaya yatırılan investisiyaların xüsusi çəkisi 2,1% təşkil edib.

2024-cü il ərzində Rusiyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 234,3 milyon dollar, əks istiqamətdə isə 18,6 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
 

1