Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib

İQTİSADİYYAT
17:57 / 24.03.2026
45

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 877,1 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 127,5 milyon ABŞ dolları və ya 12,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında İtaliyadan sonra 2-ci pillədə qərarlaşıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 532,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən 7% azdır. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Dövr ərzində Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 83,4 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Türkiyə 14,37% payla 2-ci yerdə qərarlaşıb. Türkiyəyə qeyri-neft məhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 644 min ABŞ dolları və ya 0,8% artıb.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə 22,1 milyon ABŞ dolları dəyərində 47,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,7 milyon ABŞ dolları və ya 3 dəfə, həcm ifadəsində isə 11,7 min ton və yaxud 1,8 dəfə çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 344,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 87,1 milyon ABŞ dolları və ya 20,2% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

0