İqtisadçı: “Manatın neftdən asılılığı aradan qaldırıla bilər”

İQTİSADİYYAT
14:00 / 31.03.2026
148

Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan sabitlik fonunda milli valyutanın mövqeyi xüsusi diqqət çəkir.

Bu sabitliyin arxasında duran əsas amillər və onun davamlılığı ilə bağlı suallar hələ də aktuallığını qoruyur. Ona görə də manatın sabitliyinin neft gəlirlərindən nə dərəcədə asılı olduğu və qeyri-neft sektorunun bu asılılığı azaldıb-azalda bilməsi mühüm müzakirə mövzusudur.

Məsələ ilə bağlı  Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki,  Azərbaycan manatının sabitliyi böyük dərəcədə neft gəlirlərinə bağlıdır:


“Bunun əsas səbəbi ölkənin ixracının və valyuta daxilolmalarının əhəmiyyətli hissəsinin neft və qaz sektorundan gəlməsidir. Neftin dünya bazar qiymətləri yüksək olanda ölkəyə daha çox xarici valyuta daxil olur. Bu da manatın məzənnəsini sabit saxlayır və hətta möhkəmləndirə bilir. Əksinə, neft qiymətləri düşəndə valyuta axını azalır, bu isə manata təzyiq yaradır və devalvasiya riskini artırır. Bu vəziyyət xüsusilə 2015-ci ildə baş verən məzənnə dəyişiklikləri zamanı açıq şəkildə müşahidə olunub”.

İqtisadçının sözlərinə görə, qeyri-neft sektoru nəzəri olaraq bu asılılığı azalda bilər, lakin bu proses həm uzunmüddətli, həm də struktur dəyişikliklər tələb edir:
“Kənd təsərrüfatı, turizm, sənaye və texnologiya kimi sahələrin inkişafı ixracın şaxələndirilməsinə kömək edə bilər. Əgər bu sahələrdən gələn gəlirlər artarsa, ölkəyə daxil olan valyuta mənbələri də müxtəlifləşər və neft qiymətlərindən asılılıq azalır. Amma real vəziyyətdə bu asılılığın tam aradan qaldırılması çətindir. Çünki qeyri-neft sektorunun ixrac potensialı hələ də neft sektorunun həcmi ilə müqayisədə xeyli kiçikdir”.

Ekspert onu da əlavə edib ki, qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və infrastrukturun inkişafı kimi məsələlər vaxt və davamlı islahatlar tələb edir:
“Nəticə olaraq demək olar ki, manatın sabitliyi hazırda ciddi şəkildə neft gəlirlərindən asılıdır, amma düzgün iqtisadi siyasət və uzunmüddətli strategiya ilə qeyri-neft sektoru bu asılılığı müəyyən qədər azalda, gələcək perespektivdə aradan qaldıra bilər. Bunun üçün əsas şərt iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının real şəkildə artırılmasıdır”.

Sevinc İsmayıl

 

0