Bölgələrdəki evlər sürətlə bahalaşır

İQTİSADİYYAT
18:39 / 01.04.2026
66

Son dövrlərdə Azərbaycanda daşınmaz əmlak bazarında diqqətçəkən dəyişiklik baş verir. 

Belə ki, əvvəllər alıcıların əsas seçimi Bakı və onun ətrafı idisə, indi mənzərə dəyişib. Artıq regionlar getdikcə daha cəlbedici seçimə çevrilir. Üstəlik, bu istiqamətdəki tələb nəzərəçarpacaq dərəcədə genişlənir. Bu səbəbdən  də bölgələrdə evlərin qiyməti artır.
 
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında bölgələrdə evlərin qiymətinin artması barədə danışıb. O bildirib ki, Azərbaycanda bölgələr böyük miqyasda inkişaf edir: 

395528

“Bölgələr müxtəlif olsa da, əhalisi çox olan və turizm potensialı yüksək olan ərazilərdə qiymət artımının baş verəcəyi gözlənilir. Ölkənin iri şəhərləri sayılan Gəncə, Mingəçevir, Yevlax, Şəki və digər şəhərlərdə mənzillərə, obyektlərə, eləcə də istirahət məkanlarına tələbat artıb”.

Onun sözlərinə görə, həmin ərazilərdə iki əsas istehlakçı qrupu formalaşır:

“Bunlar da yerli əhali və turizm məqsədilə gələn müştərilərdir. Xüsusilə turizmin daha aktiv olduğu Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında qiymət artımı artıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri mərkəzi yolların çəkilməsidir. Hesab edilir ki, yol layihələri tam başa çatdıqdan sonra yol kənarında yerləşən ev və obyektlərin qiyməti daha da yüksələcək. Həmçinin, şimal bölgəsində yerləşən Şahdağ ərazisində də qiymət artımı müşahidə olunur. Bütün bunlara baxmayaraq, hazırda regionlarda təklif hələ də məhduddur”.

Günel Cəlilova

0