Bakıda bu evlər ucuzlaşacaq – Kütləvi satış gözlənilir

İQTİSADİYYAT
23:15 / 01.04.2026
43

Son günlər Azərbaycanda yağan güclü yağışlar bir çox ərazidə ciddi problemlər yaradıb. Bakupost.az xəbər verir ki, xüsusilə fərdi yaşayış evlərinin su altında qalması sakinlərə həm maddi ziyan vurub, həm də onların gündəlik həyatını çətinləşdirib.

Yaranmış vəziyyətin daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Xüsusilə subasma riski yüksək olan ərazilərdə evlərin taleyi və qiymətlərin necə dəyişəcəyi hazırda geniş müzakirə olunur.

Mövzu ilə bağlı Bakupost.az -a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ənənəvi olaraq martın sonlarından avqustun sonuna qədər Bakı və Abşeron ərazisində fərdi yaşayış evlərinə, torpaq sahələrinə və bağ evlərinə tələbat artır:

“Son illərdə Bakıda aparılan söküntülər nəticəsində evləri dağıdılan sakinlərin bir hissəsi paytaxtətrafı ərazilərə üz tutub. Bu isə həmin ərazilərdə qiymət artımına səbəb olmuşdu. Lakin son günlər yağan güclü yağışlar nəticəsində Bakı və Abşeronun bir çox yerlərində subasma halları qeydə alınıb. Bu hallar əsasən fərdi yaşayış massivlərində müşahidə olunub. Yüzlərlə evin su altında qalması həmin ərazilərdə daşınmaz əmlaka tələbatın kəskin azalmasına gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, bu cür problemlərin əsas səbəblərindən biri tikililərin düzgün təyinatlı torpaqlarda inşa olunmamasıdır:

“Yaşayış məntəqəsi təyinatlı torpaqlarda inşa olunan evlərdə kanalizasiya və suötürücü xətlər mövcud olur. Lakin çıxarışsız fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə bu infrastruktur ya yoxdur, ya da çox zəifdir. Bu da subasma hallarını qaçılmaz edir. Nəticədə həmin ərazilərdəki evlərin qiymətində azalma müşahidə olunacaq və yaxın vaxtlarda kütləvi satışlar baş verəcək”.

Əmlak eksperti Elnur Azadov isə hesab edir ki, bazarda dəyişikliklər mərhələli şəkildə baş verəcək:

“Artıq alıcılar fərdi ev alarkən ərazinin subasma riski daşıyıb-daşımadığını nəzərə alacaqlar. Kanalizasiya sistemi olan və nisbətən hündür ərazilərdə yerləşən evlərə tələbat artacaq. Əksinə, çökək ərazilərdə və infrastruktur problemi olan yerlərdə tələbat azalacaq. Bu proses müəyyən müddət davam edəcək. Ola bilsin ki, bir neçə ildən sonra alıcıların diqqəti yenidən dəyişsin”.
 

0