“Dünya nizamının sürətlə dəyişməkdə olduğu indiki dönəmdə Türk dövlətlərinin bir araya gələrək beynəlxalq aləmdə gerçək söz sahibi olan bir birlik formalaşdırması olduqca vacibdir”.
Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün dünyada beynəlxalq hüququn işləmədiyinə şahidlik edirik:
“Günümüzdə beynəlxalq hüququ güc əvəz edir. Buna dair onlarla nümunələr göstərmək mümkündür. Deməli, güclü olmaq lazımdır. Güclü olmalısan ki, sabah kiminsə qarşısında aciz qalmayasan. Biz dövlət olaraq bütün bu dediklərimizi öz dərimizdə yaşadıq. Zəif idik torpaqlarımızı itirdik, aşağılandıq, gücləndik, torpaqlarımızı geri qaytardıq və milli qürurumuzu bərpa etdik”.
Professor vurğulayıb ki, tariz boyu dünyada güclülər söz sahibi olublar:
“Buna görə də Türk birliyi ölkələri həm iqtisadi və həm də hərbi sahədə daha sıx bir araya gəlməlidilər. Dünyanın siyasət meydanında islam ölkələrinə qarşı ikili standartların olduğu indiki dönəmdə də Türk dünyası ölkələrinin bir arada olub belə hallara qarşı kollektiv şəkildə mübarizə aparmaları olduqca vacibdir”.
Ekspert diqqətə çatdırıb ki, son illər Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında ticarət dövriyyəsi durmadan artmaqda, iqtisadi əlaqələr isə sürətlə genişlənməkdədir:
“Bu ölkələr arasında 2020-ci ildə ticarət dövriyyəsi 20 milyard dollar səviyyəsində olmuşdusa, 2024-cü ildə bu göstərici 40 milyard dolara çatmış, 2030-cu ildə isə TDT-yə daxil olan ölkələr arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması kimi ciddi bir hədəf artıq ortadadır”.
Günel Cəlilova


