Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
HİT.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımda bildirib:
"Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyənləşir.
Eyni zamanda məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti və funksiyasının xarakteri, qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən olunması nəzərdə tutulur".
Deputat qeyd edib ki, yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır.
"Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.
Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəzifələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq", - deyə Vüqar Bayramov bildirib.


