Polietilen paketlərin qiymətində növbəti dəyişiklik qeydə alınıb.
Artıq bəzi ticarət şəbəkələrində alıcılar həmin paketləri əvvəlkindən daha yüksək məbləğə əldə edirlər. Belə ki, yeni qiymətlərə əsasən, paketlər ölçüsünə uyğun olaraq 7 və 9 qəpikdən satışa çıxarılıb. Halbuki eyni məhsul üçün 5 və 7 qəpik tələb olunurdu.
Görəsən, bahalaşmanın arxasında hansı iqtisadi və ya bazar amilləri dayanır?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, polietilen paketlərin neçəyə satılacağına dövlət deyil, ticarət şəbəkələrinin qiymət siyasəti təsir göstərir:

“Marketlər bu məhsulu təchizatçılardan əldə etdikdən sonra digər mallarda olduğu kimi satış qiymətini sərbəst şəkildə formalaşdırırlar. Qanunvericilikdə paketlərin pulsuz paylanmasını və ya maya dəyərindən satılmasını tələb edən hər hansı norma yoxdur. Buna görə də marketlər xərclərini və planlaşdırdıqları qazancı nəzərə alaraq qiymət müəyyənləşdirirlər”.
Ekspert vurğulayıb ki, son qiymət dəyişikliyi yalnız kommersiya maraqları ilə izah olunmur:
“Bu sahədə həyata keçirilən siyasət birdəfəlik plastik məhsulların istehlakını azaltmağa yönəlib. Paketlərin ödənişli olması insanların alış-veriş zamanı təkrar istifadə edilə bilən çanta və torbalara üstünlük verməsini təşviqidir ki, bu da plastik tullantıların azalmasına xidmət edir”.
Günel Cəlilova

