Taksi xidmətləri son illərdə ictimai nəqliyyatın əsas alternativlərindən birinə çevrilib.
Mobil tətbiqlər vasitəsilə taksi sifariş etmək, marşrutu əvvəlcədən müəyyənləşdirmək və səfərin dəyərini öncədən görmək sərnişinlər üçün bu xidməti daha əlçatan edib. Lakin xidmətin geniş yayılması ilə yanaşı, onun keyfiyyəti və tərəflər arasında yaranan mübahisələr də gündəmdən düşmür.
Xüsusilə son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif platformalarda taksi xidmətləri ilə bağlı şikayətlərin sayı artıb. Vətəndaşlar bildirirlər ki, bəzi sürücülər sifarişi qəbul etdikdən sonra gediləcək ünvanın uzaq olduğunu öyrənən kimi səfərdən imtina edir, sərnişindən sifarişi ləğv etməsini istəyir və ya müxtəlif bəhanələrlə marşrutu tamamlamırlar. Xüsusilə hava limanı, şəhərətrafı qəsəbələr və ucqar yaşayış məntəqələrinə sifariş verən sərnişinlər bu problemlə daha çox üzləşirlər.
Həmçinin, pik saatlarda sürücülər eyni vaxt ərzində daha çox sifariş yerinə yetirməyə çalışdıqları üçün uzun məsafəli sifarişlərdən yayınırlar.
Bununla yanaşı, təyinat nöqtəsinə çatdıqdan sonra tətbiqdə göstərilən məbləğdən əlavə ödəniş tələb edilməsi ilə bağlı iddialar da tez-tez səsləndirilir. Bu hallar sərnişinlər arasında narazılıq yaradır və xidmətə olan etimadı azaldır.
Digər tərəfdən, sürücülər də mövcud tariflərin bəzi marşrutlar üzrə onların xərclərini ödəmədiyini, xüsusilə uzaq məsafələrə səfərlərin iqtisadi baxımdan sərfəli olmadığını bildirirlər. Onların sözlərinə görə, yanacaq qiymətləri, avtomobillərin texniki xidmət və təmir xərcləri, tıxac səbəbindən itirilən vaxt, eləcə də geri dönüşdə sərnişin tapmamaq ehtimalı gəlirlərinə birbaşa təsir edir. Bu səbəbdən bəzi sürücülər uzaq məsafəli sifarişlərə ehtiyatla yanaşdıqlarını qeyd edirlər.
İstənilən halda bu elə məsələdir ki, həm sürücülərin iqtisadi maraqları, həm də sərnişinlərin keyfiyyətli və fasiləsiz xidmət almaq hüququ arasında tarazlıq təmin olunmalıdır. Yalnız bu halda taksi bazarında xidmət keyfiyyəti yüksələ və vətəndaş məmnuniyyəti təmin oluna bilər.
Günel Cəlilova


