Naxçıvan üçün yeni MƏRHƏLƏ

İQTİSADİYYAT
14:39 / 12.08.2026
155

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar. 

Məlumat üçün bildirək ki, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor” tərəfindən hazırlanıb. Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. 

Həmçinin, tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq. 

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Naxçıvana son səfəri mahiyyət etibarilə sıradan işgüzar səfər çərçivəsindən kənara çıxır: 

407077

“Səfər zamanı diqqətçəkən layihə və təşəbbüslər Naxçıvanın qarşıdakı dövrdə Azərbaycanın iqtisadi, nəqliyyat və geosiyasi strategiyasında daha mühüm mövqeyə yüksələcəyini göstərir. Naxçıvanda baş verən prosesləri yalnız yerli inkişaf və abadlıq tədbirləri kimi qiymətləndirmək doğru olmaz. Muxtar respublikanın qarşısında tamamilə yeni inkişaf perspektivləri açılır. Burada söhbət yalnız yolların yenilənməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və sosial obyektlərin sayının artırılmasından getmir”.

Ekspert diqqətə çatdırıb ki, əsas dəyişiklik Naxçıvanın iqtisadi potensialının gücləndirilməsi və onun regional əməkdaşlıq sistemində daha fəal iştirak edən əraziyə çevrilməsi ilə bağlıdır: 

“Prezidentin səfəri zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, dəmir yolu təsərrüfatında görülən işlərlə tanışlıq, müasir elektrik avtobuslarının təqdim olunması və şəhərin uzunmüddətli inkişafını müəyyən edən Baş Planın nəzərdən keçirilməsi bir-birindən ayrı layihələr deyil. Bu addımlar Naxçıvanın gələcək inkişaf modelini formalaşdıran kompleks yanaşmanın göstəricisidir”.

Günel Cəlilova

0