Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Ermənistandan Azərbaycana məhsul ixracının başlanacağını istisna etməyib.
O, jurnalistlərin iki ölkə arasında ticarət əlaqələri ilə bağlı sualını cavablandırarkən bildirib ki, hazırda Ermənistandan Azərbaycana əsasən idxal həyata keçirilir. Baş nazir yaxın zamanda bunun əks istiqamətdə də mümkün olacağına inandığını deyib:
“Əminəm ki, yaxın vaxtlarda Ermənistan Respublikasından Azərbaycana da ixrac həyata keçiriləcək”.
Maraqlıdır, Ermənistan Azərbaycana hansı məhsullar ixrac ediləcək?
İqtisadçı alim Fuad İbrahimov Hit.az-a açıqlamasında deyib ki, Ermənistandan Azərbaycana kənd təsərrüfatı məhsullarının müəyyən hissəsinin gətirilməsi potensial istiqamətlərdən biri hesab oluna bilər:

“Zərgərlik sənayesi də iki ölkə arasında gələcək iqtisadi əlaqələr çərçivəsində diqqət çəkə biləcək sahələrdəndir. Ermənistan hələ sovet dönəmindən zərgərlik istehsalı və bu sahə üzrə formalaşmış təcrübəsi ilə seçilib.
Bu baxımdan, Ermənistanda istehsal olunan bəzi qiymətli daş-qaş məmulatlarının və onların hazırlanmasında istifadə edilən xammalın Azərbaycana tədarükü də mümkün variantlar sırasında yer ala bilər”.
Ekspert onu da deyib ki, kənd təsərrüfatı məhsullarının təkcə xammal formasında deyil, emal olunmuş şəkildə də Azərbaycana ixracı mümkün ola bilər:
“Məsələn, müxtəlif növ konservləşdirilmiş qida məhsullarının iki ölkə arasında ticarət dövriyyəsinə daxil olması real görünür. Həmçinin, Ermənistanın son illərdə süni intellekt və texnologiyalar sahəsində əldə etdiyi nəticələr də əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Bu sahədə birgə layihələrin həyata keçirilməsi və texnoloji məhsul və xidmətlərin qarşılıqlı mübadiləsi də perspektiv istiqamət kimi qiymətləndirilir”.
İqtisadçının sözlərinə görə, sovet dövründən Ermənistanla əlaqələndirilən müəyyən konyak markalarının da gələcəkdə Azərbaycan bazarına çıxması ehtimalı nəzərdən keçirilə bilər:
“Zərgərlik məhsulları ilə yanaşı, Ermənistanın bəzi balıqçılıq təsərrüfatlarının istehsalı da mümkün ixrac məhsulları sırasında yer ala bilər. Xüsusilə Ermənistandakı göllərdə yetişdirilən forel balığının Azərbaycana tədarükü potensial variantlardan biri kimi qeyd olunur.
Bununla belə, hansı məhsulların və hansı həcmdə Azərbaycana gətiriləcəyini konkretləşdirmək üçün gələcək prosesləri və iki ölkə arasında formalaşacaq iqtisadi münasibətləri izləmək lazım gələcək”.
Günel Cəlilova


