Mağazalar malları niyə geri qəbul etmir?

İQTİSADİYYAT
13:38 / 17.08.2026
167

Bəzən istehlakçılar mağazadan aldıqları məhsulu qaytarmaq və ya dəyişdirmək istədikdə müxtəlif maneələrlə qarşılaşırlar. 

Satıcıların qanunvericiliyin tələblərini düzgün izah etməməsi, məhsulun qaytarılmasının əsassız şəkildə rədd edilməsi və ya istehlakçıya hüquqlarının tam izah olunmaması belə hallarda ən çox rast gəlinən pozuntulardandır. Bəs mağazalarda malın qaytarılması və dəyişdirilməsi zamanı istehlakçılar hansı üsullarla aldadılır və öz hüquqlarını necə qoruya bilərlər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, malların qaytarılması və ya dəyişdirilməsi ilə bağlı hər il Birliyə çoxsaylı şikayətlər daxil olur: 

407391

“Hazırda “İstiqbal”dan çoxlu sayda şikayət var. Təəssüflər olsun ki, istehlakçıların hüquqları ilə bağlı qanun 1995-ci ildə qəbul edilsə də, hələ də dəyişdirilməyib. O vaxtdan bəri həyat dəyişib, bazar dəyişib, amma qanuna heç bir dəyişiklik edilməyib. 1998-ci ildə Nazirlər Kabinetinin 114 saylı qərarında dəyişdirilməyən və ya qaytarılmayan malların siyahısı ilə bağlı ciddi haqsızlıqlar var”.

Ekspert qeyd edib ki, bu qərara əsasən, bir çox mallar “gigiyenik mal” kimi qiymətləndirilir:

“Məsələn, şəxs bahalı qulaqcıq alır və mağaza onu gigiyenik mal hesab edərək geri qaytarmaqdan imtina edir. Yataq dəstləri də eyni qaydada gigiyenik məhsul adı ilə geri qaytarılmır. Halbuki 114 saylı qərarda ümumiyyətlə “gigiyenik mal” anlayışının özü belə yoxdur.

Həmin qərarda haqsızlıq olan mallardan biri də qızıl məmulatları ilə bağlıdır. Qızıl məmulatlarının qaytarılması, dəyişdirilməsi və digər məsələlərlə bağlı da ciddi problemlər mövcuddur”.

Həmsöhbətimizin sözlərinə görə, bir çox biznes qurumları hökumətin istehlakçı siyasətindəki boşluqlardan istifadə edərək malların dəyişdirilməsi ilə bağlı istehlakçıların tələblərini yerinə yetirmirlər: 

“Əksər mağazalarda, xüsusilə texniki vasitələr satıldıqdan sonra alıcının şikayəti və problemi mağazanı maraqlandırmır. Çox anormal bir vəziyyət yaranıb. Biznes qurumları hökumətin mövcud siyasətindəki boşluqlardan geniş şəkildə istifadə edirlər. 

Hesab edirəm ki, bu məsələlərə cavabdeh qurumlar problemi həll etməlidirlər. İstehlakçı belə hallarla qarşılaşdıqda 012 599 76 00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Agentliyinə məlumat verə və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilər”.

Günel Cəlilova

0