Südün bir litri necə 15 qəpik olur?

İQTİSADİYYAT
11:13 / 26.08.2026
162

Füzulidə fermerin südün satış qiyməti ilə bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Fermer bildirib ki, istehsal etdiyi südün 3 litri cəmi 45 qəpiyə alıcıya verilir. Beləliklə, bir litr südün qiyməti 15 qəpiyə düşür. Onun sözlərinə görə, bu məbləğ heyvandarlığa çəkilən yem, qulluq və digər xərcləri ödəməyə kifayət etmir. Fermerin narazılığı isə süd istehsalçılarını düşündürən əsas məsələlərdən birini yenidən gündəmə gətirib.

Bəs südün istehsalçıdan bu qədər ucuz alınmasının səbəbi nədir? Mövcud alış qiymətləri fermerlərin xərclərini qarşılamağa və təsərrüfatı davam etdirməyə imkan verirmi?

Liberal  İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdəki normal süd deyil, yağı çıxarılmış, yağsız süddür və onu əsasən ağartı məhsullarının hazırlanmasında istifadə etmək olmaz:

408048

“15 qəpiyə satılan süd də məhz həmin süddür. Bununla yanaşı, süd və digər kənd təsərrüfatı məhsullarının bazara çıxarılması ilə bağlı ciddi problemlər var.Azərbaycan hökuməti fermerlərin məhsullarını ədalətli qiymətlə sata bilməsi üçün bu problemin həllinə daha ciddi diqqət yetirməlidir. Südün istehsalçıdan ucuz alınmasının əsas səbəblərindən biri fermerlə istehlakçı arasındakı qiymət fərqidir. 

Fermer südü xammal kimi satır, sonrakı mərhələlərdə isə onun daşınması, soyudulması, emalı, qablaşdırılması və satış xərcləri yaranır. Buna görə mağazada və bazarda südün qiyməti fermerin aldığı məbləğdən xeyli yüksək olur. Lakin bu fərqin həddindən artıq böyük olması istehsalçının gəlirliliyini ciddi şəkildə aşağı salır.

Digər mühüm məsələ süd bazarında fermerlərin danışıqlar imkanlarının zəif olmasıdır. Kiçik təsərrüfatların məhsulu tez xarab olduğu üçün fermer südü uzun müddət saxlaya bilmir və alıcının təklif etdiyi qiymətlə satmağa məcbur qalır. Əgər ərazidə alternativ alıcılar və emal müəssisələri azdırsa, fermerin bazarlıq etmək imkanı daha da məhdudlaşır”.

Ekspert qeyd edib ki, 15 qəpik kimi alış qiyməti həqiqətən də çox aşağıdır və belə qiymətin fermerin normal istehsal xərclərini qarşılaması ciddi şübhə doğurur:

“Südçülükdə əsas xərclər yem, baytarlıq xidməti, dərman, əmək, su, elektrik, heyvanların saxlanması və nəqliyyatla bağlıdır. Xüsusilə yem xərcləri yüksək olduqda südün bu qiymətə satılması fermer üçün ya çox aşağı gəlirlilik, ya da birbaşa zərər deməkdir. Nəticədə fermer belə vəziyyətdə ya heyvanların sayını və ya istehsala qoyduğu vəsaiti azaltmağa, ya da təsərrüfatdan tamamilə imtina etməyə məcbur qala bilər. Bu isə uzunmüddətli perspektivdə yerli süd istehsalının azalmasına və bazarın idxaldan daha çox asılı vəziyyətə düşməsinə səbəb ola bilər”.

Akif Nəsirlinin sözlərinə görə, problemin həlli üçün südün alış qiyməti ilə yanaşı, bütün tədarük zəncirində formalaşan qiymətlərin şəffaflığı artırılmalıdır:

“Fermerlərin kooperativlərdə birləşməsi, birbaşa emal müəssisələri ilə müqavilə bağlaması, südün keyfiyyətinə görə fərqli qiymətləndirilməsi və soyuducu toplama məntəqələrinin genişləndirilməsi onların bazar mövqeyini gücləndirə bilər. Əsas məsələ isə fermerin istehsal etdiyi məhsulu maya dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qalmamasıdır”.

Günel Cəlilova

0