Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq

İQTİSADİYYAT
10:51 / 31.05.2020
1417

Bakı-Sumqayıt yolunun Xırdalan hissəsindən keçən dəmir yolu körpüsü yenidən qurulacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, körpünün dayaqları Bakı-Sumqayıt yolunun genişləndirilən hissəsinə düşür və bu da avtomobillərin hərəkətinə problemlər yarada bilər:

"Bu məqsədlə körpünün dayaqlarının sökülərək yoldan kənarlaşdırılması nəzərdə tutulur. Dayaqların yoldan kənarlaşdırılması üçün körpü yenidən qurulmalıdır. Artıq körpünün yeni layihəsi hazırdır. Layihə aidiyyəti qurumlarla razılaşdırılandan sonra işlərə başlanacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı yolda genişləndirmə işləri aparılır. Layihəyə görə, Bakı-Quba yolunun paytaxtın "20 Yanvar" metrostansiyasından Masazır körpüsü istiqamətinə qədər olan hissəsi genişləndirilib.

0