Ermənistandan Azərbaycana hansı məhsullar tədarük oluna bilər?

İQTİSADİYYAT
13:53 / 01.09.2026
163

Ermənistandan Azərbaycana məhsulların tədarük olunması gündəmdədir.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, tezliklə Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq. Nazir deyib ki, Ermənistan da Azərbaycana məhsul satacaq.

Maraqlıdır, Ermənistandan Azərbaycana hansı məhsullar tədarük oluna bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana məhsul tədarük etməsi ilk mərhələdə böyük həcmli deyil, daha çox kiçik partiyalar və konkret şirkətlər arasında kommersiya müqavilələri formasında başlaya bilər:

“Burada əsas məsələ siyasi deyil, iqtisadi baxımdan hansı məhsulların rəqabətqabiliyyətli və Azərbaycan bazarı üçün cəlbedici olmasıdır. Ermənistan Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsulları sata bilər. Meyvə-tərəvəz, xüsusilə alma, üzüm, ərik, şaftalı, albalı, kartof, tərəvəz məhsulları potensial istiqamətlərdir.
 
Məsələn, bu yaxınlarda erməni fermerlər vasitəçilərin onlardan şaftalını 47 qəpiyə almalarına etiraz əlaməti olaraq yolu bağlamışdılar. Hökumət də şaftalını fermerlərdən özü alacağı öhdəliyini götürdü. Ola bilsin elə bu məhsul şaftalı olacaq. Həmçinin meyvə şirələri, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr, mineral və süfrə suları, şirniyyat və digər qida məhsullarının tədarükü mümkündür”.

408606

Ekspert onu da deyib ki, Ermənistanın bəzi emal sənayesi məhsulları da Azərbaycan bazarına çıxa bilər: 

“Tekstil və geyim məhsulları, ayaqqabı, mebel, tikinti materialları, müxtəlif metal və kimya məhsulları, elektrik avadanlıqları və digər sənaye malları potensial məhsullar sırasındadır. Lakin bu sahələrdə Azərbaycanın daxili istehsalı və alternativ idxal mənbələri olduğuna görə Ermənistan məhsullarının rəqabət qabiliyyəti mühüm amil olacaq.

Digər maraqlı istiqamət Ermənistanın spirtli içkilər və şərab məhsullarıdır. Lakin belə məhsulların Azərbaycana idxalı yalnız mövcud gömrük, sertifikatlaşdırma və digər tənzimləyici tələblərə uyğun şəkildə həyata keçirilə bilər”.

Həmsöhbətimiz onu da əlavə edib ki, ilk tədarüklərin hansı məhsullardan ibarət olacağını müəyyən edən əsas amil isə Ermənistanın Azərbaycanda rəqabət apara biləcəyi qiymət və keyfiyyət nisbəti olacaq: 

“Azərbaycan böyük və geniş istehlak bazarına malikdir. Buna görə Ermənistan şirkətləri üçün ən real imkanlar Azərbaycan istehsalının kifayət qədər təmin etmədiyi və ya müəyyən mövsümlərdə idxala ehtiyac yaranan məhsullar üzrə yarana bilər.

Əslində, burada daha böyük əhəmiyyət daşıyan məsələ təkcə hansı məhsulun satılması deyil, iki ölkə arasında qarşılıqlı ticarətin başlamasıdır. Əgər ilk tədarüklər uğurlu olarsa, sonrakı mərhələdə məhsul çeşidi və ticarətin həcmi genişlənə bilər. Bu isə Azərbaycan-Ermənistan iqtisadi münasibətlərinin siyasi razılaşmalardan real kommersiya əlaqələrinə keçdiyini göstərən mühüm göstərici olacaq”.

Sevinc

0