Son zamanlar Bakıda daşınmaz əmlak bazarında qiymət artımı diqqət çəkir.
Paytaxtın bir çox ərazisində mənzil və fərdi evlərin qiymətləri yüksəlməkdə davam edir, bəzi hallarda isə artım qısa müddət ərzində daha aydın hiss olunur. Lakin paytaxt ətrafında yerləşən Xırdalanda fərqli mənzərə var. Belə ki, Bakıda mənzil və evlərin qiymətləri artdığı halda, Xırdalanda daşınmaz əmlakın 10-15 faiz ucuzlaşması diqqət çəkir.
Bu vəziyyət bazarda maraqlı suallar yaradır: Paytaxtla Xırdalan arasında qiymət dinamikasının fərqli olmasına nə səbəb nədir? Yeni tikililərin çoxluğu, mənzil təklifinin tələbi üstələməsi, alıcıların seçimləri, nəqliyyat və infrastruktur problemləri qiymətlərə necə təsir edir? Ümumiyyətlə, Xırdalanda evlərin ucuzlaşması müvəqqəti haldır, yoxsa daşınmaz əmlak bazarında daha geniş tendensiyanın göstəricisidir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a açıqlamasında bildirib ki , paytaxt Bakı ilə müqayisədə Xırdalanda daşınmaz əmlakın satış qiymətləri arasında ciddi fərq var:

“Mənzillərin daha ucuz olması səbəbindən alıcıların böyük bir qismi, eləcə də bölgələrdən paytaxta yaxın ərazilərdə mənzil almaq istəyən şəxslər Xırdalana üz tutublar. Bu isə orada sıxlığın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. Qiymətlərə nəzər saldıqda, Xırdalanda mənzillərin Bakı ilə müqayisədə dəfələrlə ucuz olduğunu görmək mümkündür. Bununla yanaşı, Xırdalanda və ətraf ərazilərdə sənədsiz evlərin sayı da kifayət qədər çoxdur”.
Ekspertin sözlərinə görə, Xırdalanın həddindən artıq yüklənməsi xüsusilə nəqliyyat sıxlığında özünü göstərir:
“Orada yaşayanların böyük bir qismi paytaxtda və digər ərazilərdə təhsil alsa da, işləsə də, tıxaclar səbəbindən gündəlik gediş-gəliş zamanı ciddi problemlərlə üzləşirlər. Bu səbəbdən Xırdalanda yaşayanların bir qismi öz əmlaklarını satışa çıxararaq daha sakit, nəqliyyat sıxlığının az olduğu ərazilərə köçməyə çalışır. Nəticədə mənzillərin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə olunur.
Lakin satışa çıxarılan əmlakların sayı ilə müqayisədə alıcıların sayı dəfələrlə azdır. Tələb və təklif arasındakı bu uyğunsuzluq yaxın gələcəkdə Xırdalanda mənzil qiymətlərinin daha da enməsinə səbəb ola bilər. Xüsusilə tıxacların daha çox olduğu ərazilərdə yerləşən və sənədləri qaydasında olmayan əmlakların satış qiymətlərində azalma müşahidə olunur”.
Sevinc


