112 min manatdan çox vergi borcu olan Aslanov Ramil Mahir oğluna məxsus 1 milyon 749 min 500 manat dəyərində qeyri-yaşayış sahəsinin satılması barədə məhkəmə qərarı qəbul edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, məhkəmə Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiasını təmin edib.
İş materiallarına görə, Ramil Aslanovun dövlət büdcəsinə 112 min 243 manat 87 qəpik məbləğində ödənilməmiş borcu yaranıb. Vergi orqanı borcun ödənilməsi üçün ona bildiriş göndərsə də, ödəniş həyata keçirilməyib. Bundan sonra borcun təmin edilməsi məqsədilə cavabdehin əmlakı siyahıya alınıb.
Siyahıya alınan əmlak Bakı şəhərində yerləşən, ümumi sahəsi 699,8 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Dövlət reyestrindən çıxarışa əsasən, əmlak üzərində Ramil Aslanovun mülkiyyət hüququ 2011-ci ildə qeydiyyata alınıb. Obyektin dəyəri 1 milyon 749 min 500 manat göstərilib.
Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edib ki, vergi borcu qanunla nəzərdə tutulan müddətdə ödənilməyib. Cavabdeh iddia ilə bağlı məhkəməyə yazılı etiraz təqdim etməyib. Tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılıb.
Məhkəmə Vergi Məcəlləsinin müvafiq müddəalarını əsas götürərək iddianı təmin edib.
Qərara əsasən, Ramil Aslanova məxsus 699,8 kvadratmetrlik qeyri-yaşayış sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılacaq. Satışdan əldə edilən vəsait hesabına dövlət büdcəsinə olan borc ödəniləcək, qalan məbləğ isə əmlak sahibinə qaytarılacaq.
Beləliklə, 112 min manatdan artıq vergi borcunun ödənilməsi məqsədilə dəyəri təxminən 1,75 milyon manat olan daşınmaz əmlakın satışı nəzərdə tutulur.


