Azərbaycanda bankların kreditlərdən əldə etdiyi faizlə əmanətlərə ödədiyi gəlir arasındakı fərq genişlənib.
Mərkəzi Bankın məlumatına görə, sentyabrın əvvəlində əhalinin manatla əmanətlərinə orta hesabla 9,95%, kreditlərə isə 17,36% faiz tətbiq olunub. Beləliklə, fərq 7,41 faiz bəndinə çataraq son illərin ən yüksək səviyyəsinə yüksəlib.
Şirkətlər üzrə də oxşar vəziyyət müşahidə olunur. Manatla depozitlərin orta faizi 7%, kreditlərin isə 11,81% təşkil edib. Ümumilikdə, manatla kredit və əmanət faizləri arasındakı fərqin artması diqqət çəkir. Xarici valyutada isə bu göstəricidə cüzi azalma qeydə alınıb.
Maraqlıdır, manatla kredit faizlərinin yüksəlməsi və əmanət gəlirliliyinin azalması nə ilə bağlıdır?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, bankların əmanətlər üzrə təklif etdiyi faizlərə təsir göstərən amillərdən biri kredit bazarındakı tələbdir:
“Borc vəsaitlərinə marağın zəifləməsi və yüksək faizlə kredit almaq istəyənlərin sayının azalması bankların əmanətləri daha cəlbedici şərtlərlə qəbul etməsinə ehtiyacı azaldır. Digər mühüm amil isə bank sektorunda rəqabətin zəifləməsidir”.
Ekspert qeyd edib ki, iri maliyyə qurumlarının bazardakı mövqeləri möhkəmləndikcə kiçik banklarla aralarındakı fərq də artır:
“Belə şəraitdə bazara təsir imkanları geniş olan banklar əmanətlər üzrə faizləri aşağı səviyyədə saxlamaqla xərclərini azalda və gəlirlərini artıra bilirlər”.
Sevinc


