ABŞ-dan Azərbaycanla bağlı tarixi dəstək - Tramp hərəkətə keçir

İQTİSADİYYAT
10:59 / 02.06.2020
4145

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trampın dünya liderləri ilə müzakirə etməli və siyasi dəstək almalı məsələlərin siyahısını hazırlayıb.

Heritage Fondu qeyd edir ki, Böyük Yeddilərlə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Trans-Xəzər Boru Kəməri, o cümlədən Cənub Qaz Dəhlizi layihələrinə dünya liderlərindən siyasi dəstək almalıdır.

Sfera.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Bu addımı Azərbaycanın təşəbbüskarı olduğu enerji siyasətinin uğuru adlandırmaq olar.

Cənub Qaz Dəhlizi Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyə sərhədinə, TANAP kəməri vasitəsilə Türkiyədən Avropa sərhədinə, TAP layihəsi vasitəsi ilə Adriatik dənizindən keçərək Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas lokomotividir.

Trans-Xəzər Boru Kəməri isə Türkmənistan qazının Azərbaycana, Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə Avropaya ixracını nəzərdə tutur.

Bu layihələrin ABŞ Prezidenti tərəfindən Avropa liderləri qarşısında qaldırılması bir daha Azərbaycanın dünya miqyasında önəmini gündəmə gətirmiş olur.

Layihələr Azərbaycan qazının Avropaya ixracatı, eyni zamanda Azərbaycanın enerji koridoruna çevrilərək tranzitdən əldə etdiyi gəlirlərin artması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.

0