Bu il 10 yaşı tamam olan Bank "BTB” ASC-də vəziyyət ürəkaçan deyil.
Hit.Az-ın əldə etdiyi məlumata görə, bir çox bankların bağlanması və "cırtdan" bankların taleyinin ipdən asılı olduğu bu günlərdə "BTB"-nin daha bir ciddi qayğısı var.
Belə ki, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə aid olduğu bildirlən bankın səhmdarları arasında əməlli-başlı gərginlik var.
R.Mehdiyevin siyasi hakimiyyətdəki yerini və təsirini itirməsi ilə bankın ağır günləri başlayıb.
Bu il bir neçə filialını bağlayan və 50-dən çox işçisini ixtisar edən, son günlər lizinq kreditləri verməyi də dayandıran bank indi də tamamilə bağlanmaq riski ilə üz-üzədir. Bankın digər səhmdarları bunun Ramiz Mehdiyev faktoru ilə bağlı olduğunu düşünərək, ondan səhmdarlar arasından çəkilməsini istəyirlər.
Qeyd edək ki, «Bank BTB» ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. Media yazır ki, N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb.