Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

İQTİSADİYYAT
12:43 / 04.06.2020
1374

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

Bu barədə “BP Azerbaijan” və SOCAR-ın birgə məlumatında bildirilib.

Məlumata görə, bu, martın 20-də baş tutub.

Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir.

Texniki operatorluğun SOCAR-a keçməsi, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış “Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə” uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulmuşdu.

Bildirilib ki, texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə BP şirkəti ümumi operator qismində davam etdirəcək: “Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu BP şirkəti icra etməkdə davam edəcək.

Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və BP 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 2015-ci ildən bəri şirkət Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatorudur və kəmərin bütün kommersiya əməliyyatları yüksək səviyyədə həyata keçirilib: “İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür.

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyətlə qarşıladıqlarını bildirib. “Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.

Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.

Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək”.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin səhmdarları bunlardır: BP (28,8%), TPAO (19%), SOCAR (10%), Cənub Qaz Dəhlizi (6.7%), “Petronas"(15,5%), "LukOil" (10%), "Nico" (10%).

CQBK dünya səviyyəli boru kəməri sistemidir və 2006-cı ildən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir.  CQBK sistemi Türkiyəyə (ildə 6 mlrd. kubmetr) və Avropaya (ildə 10 mlrd. kubmetr) "Şahdəniz-2" həcmlərinin ixrac edilməsi üçün genişləndirilib.

Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.

2020-ci ildən başlayaraq bu kəmər, ilk dəfə olaraq "Şahdəniz" qazının Avropaya ixrac edilməsinə imkan yaradacaq

2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr qaz təşkil edirdi.

CQBK ixrac sistemi Azərbaycanda 443 km boru kəmərindən və Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə həmçinin Səngəçal terminalında iki kompressor, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.

0
“Report”