Qoşqar Təhməzlinin “Süfrə”si havada qaldı – dönərxanalar eyni qaydada davam edir – REPORTAJ, VİDEO

İQTİSADİYYAT
17:48 / 05.06.2020
3081

Uzun zamandır ki, ölkədə fəaliyyət göstərən dönərxanalarda yeni qaydaların tətbiq ediləcəyi, yeniliklərin olacağı deyilirdi. Buna səbəb isə dönərxanalarda tez-tez zəhərlənmə hallarının olması, anti-sanitar vəziyyətin müşahidə edilməsi idi.

Bütün bunların qarşısının alınması üçün Azərbaycan Qida Təhlükəsizlik Agentliyi nümunəvi dönərxanaların yaradılacağını bildirirdi. Hətta bununla bağlı layihənin hazır olduğu və bu layihədə iştirak üçün dönərxanalara müraciət ediləcəyi deyilirdi.

Musavat.com xəbər verir ki, Qida Təhlükəsizlik Agentliyinin məlumatının ictimaiyyətə açıqlamasından 4 ay keçib. Lakin bu istiqamətdə heç bir addım atılmayıb.

Son günlər koronavirusa yoluxma saylarının artması, dönərxanaların fəaliyyətini tam sürətlə davam etdirməsi mövzunu yenidən gündəmə gətirir. Çünki Qida Təhlükəsizlik Agentliyi aylar öncə deyirdi ki, dönərxanalarda bütün sanitar-gigiyenik standartlara uyğun şərait təmin ediləcək, yeni dönərxanalar yaradılacaq.

Buna görə də AQTA nəzdində “Süfrə” MMC yaradılacaqdı. Ancaq bu məlumat hələ də söz olaraq qalır.

AQTA-nın rəhbəri Qoşqar Təhməzli

Deyilirdi ki, 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxanalar yaradılacaq. Dönərxana fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət ediləcəkdi ki, onlar bu layihədə iştirak etsinlər.

Layihə çərçivəsində həmçinin kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr də yaradılmalı idi. Lakin apardığımız araşdırma və sorğu nəticəsində məlum oldu ki, AQTA-nın bu yeniliyi sadəcə, sənəd üzərindədir.

Bununla bağlı Bakının müxtəlif ünvanlarında yerləşən dönərxanalarda müşahidələr apardıq. Dönərxana sahibləri ilə söhbət etdik. Məlum oldu ki, bu günə qədər AQTA tərəfindən onların heç birisinə yeni layihə haqda təklif olunmayıb.

Sorğu zamanı dönərxana sahibləri son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar alıcıların kəskin şəkildə azadlığını bildirdilər. Səbəb kimi isə insanların maddi durumunun yaxşı olmaması və virusa yoluxma təhlükəsinin olması göstərilir.

Onu da qeyd edək ki, bəzi dönərxanlardakı vəziyyətin ürəkaçan olmaması, tez-tez zəhərlənmə hallarının baş verməsi, sanitar-gigiyenik qaydalara əməl edilməməsi ilə bağlı AQTA tərəfindən dəfələrlə məlumatlar paylaşılıb. Mövcud vəziyyət indi də müşahidə edilir.

Lakin bu kimi problemlərin həllinə cavabdeh olan AQTA bu istiqamətdə hələlik ciddi addımlar atmır.

0