Dünya birjalarında neft bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,31 dollar artaraq 42,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Azəri Layt” markalı neftin bir barelinin qiyməti isə 2,14 dollar bahalaşaraq 39,55 dollar təşkil edib.
Digər tərəfdən OPEK və "OPEK+" nazirlərinin 6 iyun görüşündə neft hasilatının azaldılması barədə razılığın uzadılması qərara alınıb. Belə ki, yeni saziş avqustda qüvvəyə minəcək. KİV yazır ki, iyulun sonuna qədər hasilat sutkada 9,7 milyon barel olacaq. Halbuki bundan əvvəl sazişdə 1 iyuldan etibarən hasilatın sutkada 7,7 milyon barelədək azaldılması nəzərdə tutulurdu.
Maraqlıdır, pandemiya dövründə, istehsaln dünya üzrə aşağı düşdüyü bir zamanda neftin bahalaşmasına səbəb nədir?
Cebhe.info-ya açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban deyib ki, buna səbəb bazara müsbət informasiyaların daxil olmasıdır:
“Neftin qiyməti sabah 45 dollar da ola bilər. Çünki bazara çox yüksək dozada müsbət informasiya daxil olur. Bunun nəticəsində də neftin qiyməti qalxmağa meyillənir. Ancaq bu tələb-təklifdən asılı olan məsələ deyil ki, neftin qiyməti 40-45 dollar dəhlizində qərarlaşıb qalsın. Bazarda enerjiyə tələbat yaranmalıdır ki, qiymət stabilləşsin. Hamı OPEK-in bu iclasını gözləyirdi və ona uyğun da qərar qəbul etdilər. Bazar iştirakçıları indi müsbət əhval-ruhiyyədədir. Ancaq bundan sonra bazardakı mövcud vəziyyətə uyğun alıcı olacağı hələ bəlli deyil. Müsbət informasiya da ondan qaynaqlanır ki, gələcəyə doğru hasilatı artırmırlar. Yəni iyulun 1-dən 2 milyon bareldən artıq neft həcmi bazara çıxaılmalı idi. Amma indi bunu çıxarmırlar. Bu da yaxşı bir şeydir. Onsuz da bazardakı mövcud həcmlərə müvafiq alıcı yox idi. İkinci bir tərəfdən də dünya iqtisadiyyatı əvvəlki kimi inkişaf etmir. Xüsusi ilə ÜDM-də turizmin payı çox olan ölkələrin enerjiyə daha çox tələbatı olurdu. İndi isə turizm dayandırılıb, gediş-gəliş yoxdur. Bəs enerji hara xərclənməlidir? Yəni turizmdəki xidmət sahələri işləmirsə, demək enerjiyə də tələbat olmur. Eneriyə tələbat yoxdursa, onda elektrik stansiyasına təbii qaz da lazım olmur. Təbii qaza ehtiyac olmadığı təqdirdə o Rusiyadan alınmır. Rusiyadan alınmadığı təqdirdə o da təbii qaz hasil etmir. Belə zərcirvari tələbatda hər şey bir-birindən asılıdır. Digər tərəfdən, bir sıra ölkələr xeyli neft ehtiyatı tədarük edib. İndi bir şey yaxşıdır ki, neftin qiyməti 40 dollara gəlib çıxdı. Yəni biri var neftimizi 20 dollara sataq, biri də var 40 dollara. Bu, çox yaxşıdır. Amma deyə bilmərik ki, bir neçə gündən sonra bazarda nə olacaq. Təsəvvür edin ki, bu ayın 10-da OPEK-in Monitorinq Komitəsi may ayı üzrə hesabatını açıqlayacaq və orda göstərilir ki, Nigeriya hasilatın azaldılması ilə bağlı öz üzərinə düşən öhtəliyi 30% yerinə yetirib və ya İran bu öhdəliyin heç yarısını yerinə yetirməyib. Bunlar da, əlbəttə ki, bazara mənfi təsir göstərəcək. Yəni bu, bazar üçün neqativ xəbər olacaq. İlkin məlumata görə, hasilatın azaldılması ilə əlaqədar öhdəlik birinci ayda cəmi 75% yerinə yetirilib. Bazar iqtisadiyyatı sabit deyil ki, uzun müddət eyni şəkildə davam etsin. Burada hər şey gündəlik dəyişir. Qlobal bazarda məsuliyyət çox böyükdür. Burada tanınmış şirkət kimi fəaliyyət göstərmək istəyən hər saniyə çalışmalıdır”.
Ekspert onu da əlavə edib ki, neftin qiymətinin 40 dollara qalxmasının bir səbəbi də hasilatın azaldılması ilə bağlı razılaşmanın avqust ayına qədər uzadılmasıdır:
“Real vəziyyətə uyğun onu deyə bilərik ki, şist neftin aşağı qiymətləri həqiqətən apreldə qaldı. İkincisi odur ki, neftin qiymətinin artmasına may ayının 1-dən qüvvəyə minən hasilatın azaldılması ilə bağlı OPEK+ razılaşması səbəb oldu. Digər tərəfdən isə bəzi böyük ölkələr yavaş-yavaş post-pandemiya dövrünə daxil oldular. Bura Çin, Avropa və ABŞ-ı misal çəkmək olar. Bunun da nəticəsində qismən yumşalma getdi və az da olsa qiymət artımı müşahidə olunur. Neftin qiymətinin 40 dollara qalxmasının başqa səbəbi isə hasilatın azaldılması ilə bağlı razılaşmanın avqust ayına qədər uzadılmasıdır. Bu arada neftin qiyməti düşə də, qalxa da bilər. Həmin məsələ isə bazardakı mövcud vəziyyətdən asılı olacaq”.