Bu magistral yolda ödəniş məntəqələri qurulur - Tikinti aparılır

İQTİSADİYYAT
23:07 / 12.05.2020
1566

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a verilən məlumata görə, Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.

Ümumilikdə I hissə üzrə (0-30 km) işlər yekunlaşmaq üzrədir. Belə ki, yeni layihələndirilən yolun sözügedən hissəsində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb. 

Yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində də addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, digərləri isə adi qaydada keçidini təmin edəcək. 

Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

2
Abc.az