Daxili turizmi necə canlandırmalı? EKSPERT TƏKLİFİ

İQTİSADİYYAT
03:34 / 13.05.2020
1427

"Daxili turizmi təşviq etmək üçün böyük şirkətlər öz işçilərinin qrup şəklində daxili turizm obyektlərinə məzuniyyət zamanı göndərilməsi ilə bağlı danışıqlar aparıla bilər. Daha ucuz və daha cəlbedici təkliflərlə böyük şirkətlərə müraciət edilə bilər. Ümumi razılıq əsasında böyük şirkətlər öz işçilərini iyul-avqust aylarında qrup şəklində həmin otellərə dincəlməyə göndərə bilərlər".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli ölkədə daxili turizmin stimullaşdırılması məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, bu il pandemiya ilə əlaqədar dünyada gedən proseslərlə bağlı 2020-ci il xarici turizmin itirilmiş ili kimi yadda qalacaq: "Sərhədlərin açılması prosesinin nə vaxt baş verəcəyi, eyni zmanda aviareyslərin nə zaman açılacağı heç birimizə məlum deyil. Bunlar baş versə belə insanların davranış qaydalarında ciddi dəyişikliklər olacaq. Çox güman ki, xarici turizmi mövsümü bu il açılmadan bağlı elan etmək olar. Bir çox ölkələr daxili turizmə üstünlük verməyə çalışırlar. Ən azından daxili turizm hesabına turizm sektorunda işsizliyin qarşısını almaq, dövriyyəni gücləndirmək və yaxud da gəlirliliyi artırmağı düşünürlər. Bu istiqamətdə bəzi addımların atılması gözlənilir".

Ekspert bildirib ki, qonşu Türkiyədə də xarici turizmi daxili turizmin təşviqi vasitəsilə əvəz etməsi ilə bağlı proqramlar hazırlanır: "Azərbaycanda daxili turizm potensialı o qədər də güclü deyil. Bu baxımdan güclü deyil ki, çox yüksək səviyyəli otellər həddindən artıq bahadır. Daxili turizmdə alıcılıq qabiliyyətinin də indiki dövrdə ümumiyyətlə, aşağı düşdüyünü nəzərə alsaq, bahalı otellər zəncirinə, bahalı dincəlmə məkanlarına gedənlərin sayının məhdud olacağını düşünürəm. Kifayət qədər böyük həcmdə olması mümkün deyil. Lakin, bu şərait müəyyən fürsətlər də yaradır.

Məsələn, "home hotel" tipli konsepsiyanın inkişaf etdirilməsi üçün yaxşı fürsət yaranıb. Regionlarda, əsasən də təbiəti gözəl olan regionlarda ev şəraitində kiçik otellərin açılması ya da açılmış otellərin işlədilməsi üçün fürsətlər yarana bilər. Qiymətlərin münasib olduğu şəraitdə ora yay aylarında, əsasən də, iyul-avqust aylarında insanların Bakıda çox isti olan zaman getməsi mümkündür. Belə cəlbedici təkliflər olsa kifayət qədər çoxlu sayda insanlar təkliflərdən istifadə edə bilər".

Natiq Cəfərli dövlətin də bu istiqamətdə müəyyən təşviq addımlarının olmasından danışıb və əlavə edib ki, artıq müəyyən addımlar atılıb, turizm sahəsinə vergi güzəştləri tətbiq olunub: "Bu hələlik iyun ayına qədər, bəzi hallarda sentyabr ayına qədər nəzərdə tutulub. Bu təşviq proqramlarının gələn ilin əvvəlinə qədər uzadılması daha məqsədəuyğun olardı. Ən azından ciddi vergi güzəştləri tətbiq edilə bilər. Bu da kiçik otelçilikdə stimullaşdırmaya səbəb ola bilər və eyni zamanda qonaqlama evlərinin artması sahəsində də, daxili turizm sahəsində canlanmaya səbəb ola bilər".

İqtisadçı daxili turizmi canlandırmağa istiqamətlənmiş maraqlı bir təkliflə çıxış edib və bildirib ki, sahibkarlar bu addımları atmaqla daxili turizmi təşviq edə bilərlər: "Daxili turizmi təşviq etmək üçün böyük şirkətlər öz işçilərinin qrup şəklində daxili turizm obyektlərinə məzuniyyət zamanı göndərilməsi ilə bağlı danışıqlar aparıla bilər. Daha ucuz və daha cəlbedici təkliflərlə böyük şirkətlərə müraciət edilə bilər. Ümumi razılıq əsasında böyük şirlətlər öz işçilərini iyul-avqust aylarında qrup şəklində həmin otellərə dincəlməyə göndərə bilərlər. Belə razılaşmalar olsa bu qiymətlərə kifayət qədər müsbət təsir göstərə bilər. Əgər otel sahibi bilsə ki, üç ay boyunca onun bütün nömrələri müştəri ilə dolmuş olacaq, müştəri problemi yaşanmayacaq o zaman qiymətlərdə də ciddi endirimlər edə bilər".

Ekspert qeyd edib ki, həm daxili təşviq proqramları, həm də şirkətlərlə otellərin razılaşması ilə və vergi güzəştləri ilə daxili turizmi canlandırmaq mümkündür, lakin insanların davranış qaydaları da çox önəmlidir: "İndiki dövrdə bir çox insan ümumiyyətlə səfərlərin çəkindirici tərəfini düşünürlər. Daxili turizm açıq olsa belə bu səfərlərdə başqa insanların qaldığı otaqlara bir daha gedib yerləşmək psixoloji çətinlik yaradacaq. Çünki, virusun yayılması təhlükəsi tamamilə aradan qalxmasa bu məsələlərə insanlar həssas yanaşacaq".

0