Sərt karantin: bu şəxslərin maaşı kəsiləcək?

İQTİSADİYYAT
15:48 / 09.06.2020
1887

Azərbaycanda dövlət və özəl müəssisələrdə 6 günlük iş rejimində çalışan şəxslər şənbə günü tətbiq edilən sərt karantin rejiminə görə 5 gün işləmək məcburiyyətində qalıblar. Bəs görəsən, karantin rejiminə görə az işləmək bu şəxslərin əmək haqlarına hansısa formada təsir edəcəkmi?

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib ki, nazirlik işəgötürənlərə sərt karantin rejimi ilə əlaqədar işə çıxmayan işçilərin əmək haqlarının ödənilməsini tövsiyə edir:

“Bildiyiniz kimi, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan dövləti tərəfindən çoxsaylı tədbirlər görülür. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidir. Qeyd edək ki, pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar və məlumatlarda dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması qeyd olunub. Həmçinin digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilib. Son günlər karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədər şənbə-bazar günləri iş günü olan, lakin işə çıxmayan işçilərin əmək haqlarının ödənilməsi məsələsində də işəgötürənlər tərəfindən əvvəlki qərarların tələblərinə riayət olunmasını məqsədəuyğun hesab edirik”.

1