Səudiyyə ləğv etdi: neftin taleyi necə olacaq?

İQTİSADİYYAT
19:22 / 10.06.2020
1473

Səudiyyə Ərəbistanı və Rusiya hasilatın azalması yolu ilə neft qiymətlərini süni şəkildə qaldırırlar. Ancaq hasilat azaldıqda qiymət o həddə qalxmır ki, hasilatın azalmasından dəyən ziyanı kompensasiya etsin.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli OPEK+ formatında uğurlu danışıqlardan sonra Səudiyyə Ərəbistanının neft üçün təklif etdiyi bütün endirimləri dərhal ləğv etməsini şərh edərkən deyib. O qeyd edib ki, hazırda bir çox ölkə əllərində olan nefti birjalardakı real qiymətdən daha aşağı qiymətə satır:

"Səudiyyə Ərəbistanı da bu səbəbdən Asiya, Avropa ölkələri, həmçinin ABŞ-a nefti müəyyən güzəştlərlə təklif edirdi. Sadə dillə desək, nefti birjalarda təklif olunan qiymətlərdən 2-3 dollar aşağı satırdı. OPEK+ formatında uğurlu danışıqlardan sonra Səudiyyə Ərəbistanı neft üçün təklif etdiyi həmin bu endirimləri ləğv etdi".

Ekspert Səudiyyə Ərəbistanının neft üçün təklif etdiyi endirimləri ləğv etməsinin təsirləri haqda danışıb:

"Təklif edilən bütün endirimlər iyul ayından ləğv ediləcək və real birja qiymətləri üzrə təkliflər olacaq. Bu qərarın neft bazarına müxtəlif təsirləri oldu. Qeyd edim ki, digər ölkələrin hasilatı azaltması real neft bazarına elə də ciddi təsir etməmişdi. Nigeriya, Meksika, İraqda isə neft hasilatının azalması nəzərdə tutulduğu kimi olmadı. Səudiyyə Ərəbistanı neft üçün təklif etdiyi endirimlərdən əlavə, könüllü olaraq öhdəliyinə götürdüyü 1.2 milyon barrel nefti azaltmağı da ləğv edəcək. Səudiyyə neftin qiymətinin yenidən yüksəlməsi və özünə ziyan vurma ehtimallarını nəzərə alaraq bu qərarı verdi. OPEK+ razılaşmasının müddətinin 1 ay da uzanması neft bazarında qiymətlərin sabitləşməsinə səbəb olacaq. Hər hansı bir kənar təsirlər və ya təbii proseslər baş vermədiyi təqdirdə neft qiymətlərində sabitlik müşahidə olunacaq".

0