Dollar, avro yoxsa, manat? – Pul saxlamaq üçün vacib tövsiyə

İQTİSADİYYAT
20:10 / 18.06.2020
1412

Dollar və avro dünyanın aparıcı valyutası olmağa davam edir, lakin ötən ildən etibarən dünyada onlara olan tələb kəskin aşağı düşüb. Belə ki, 2019-cu ildə Amerika valyutasının beynəlxalq ödənişlərdə payı son iki onillikdə ən aşağı səviyyədə olub. Avro ilə nominasiya olunan beynəlxalq ehtiyatlar isə ümumiyyətlə, tarixindəki ən aşağı səviyyəyə enib. Buna baxmayaraq, Azərbaycanda ən populyar xarici valyuta məhz avro və dollardır.

Maraqlıdır, vəsaitlərin köçürülə biləcəyi alternativ valyutalar hansılardır?

Onların Azərbaycan banklarında alınması mümkündürmü? Pul yığmaq üçün hansı xarici valyuta daha yaxşıdır?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, avro və dollardan başqa valyutalar da var, onlar Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı valyutalarıdır:

“Hələ pandemiyadan əvvəl ticarət müharibələrinin qızışdığının şahidi olmuşuq. Bu, həm ABŞ ilə Çin, həm də Avropa Birliyi ilə Amerika arasında baş verib. Rusiyanın da sanksiyalar altında olduğunu nəzərə alsaq, dünya ticarətinin zəifləməsi təxminən ötən ilin ortalarından başlayıb, sentyabr ayında isə daha da güclənmişdi.

Ona görə də avro və dollarla ticarət dövriyyəsinin zəifləməsinin şahidi olduq. Amma hələ də dünya ölkələrinin saxladıqları valyuta ehtiyatlarına baxdıqda görürük ki, onların 68-70 faizi dollar və ya avrodadır. Yəni kifayət qədər çoxdur, ümumiyyətlə, ehtiyat valyuta kimi bu valyutalardan istifadə olunması dünyada geniş yayılıb.

Bundan başqa təbii ki, əlavə valyutalar var və onlar Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının aparıcı valyutaları sayılır. Bu funt sterlinq, İsveçrə frankı, Yaponiya yeni və Çin yuanıdır. Bildirim ki, Çin yuanı son iki ildir ki, hökumətin müəyyən addımları nəticəsində bu ehtiyat valyuta siyahısına daxil olub”.

Ekspert qeyd edib ki, hətta 2018-ci ildən Beynəlxalq Valyuta Fondu yuanla kredit verməyə başlayıb:

“Amma hələki dünya bazarlarında ehtiyat valyuta kimi dominant valyutalar ABŞ dolları və avrodur. Dollar xüsusilə, mühüm yer tutur. Dünya ticarətində də hələ ABŞ dolları ilə bağlanan müqavilələrin həcmi 60 faizdən yuxarıdır. Yəni hələ ki, ABŞ valyutası üçün ciddi təhlükənin yaranması ehtimalı çox aşağıdır”.

Natiq Cəfərlinin sözlərinə görə, o zaman ciddi təhlükə yarana bilər ki, Avrozonada mərkəzdən qaçma və yaxud mərkəzdən qopma prosesləri davam edər:

“Məlumdur ki, Böyük Britaniya Avrozonaya daxil deyil, Avropa Birliyinin üzvü idi, amma Brexit elan elədi və bu ilin sonunda tamamilə əlaqələr kəsilir. Bunun ardınca başqa ölkələr də buna bənzər addım atsalar, o zaman avronun gələcəyi və zəifləməsi ilə bağlı daha ciddi narahatlıq və problemlər meydana çıxa bilər. Çünki Fransa və İtaliyada da bununla bağlı kampaniya gedir”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın da valyuta ehtiyatlarının böyük bir hissəsi hələlik dollardadır. Neft fondunun valyuta ehtiyatlarının 70 faizə yaxını dollarda saxlanılır:

“Azərbaycan əhalisində həm tarixi davranış qaydalarına, həm də müasir anlayış və davranışlarına görə dollara daha çox güvən var və əhalinin də böyük bir qismi dollarda valyutasını saxlamağa meyillənir. Hətta 1990-cı illərdə Azərbaycanda avtomobil, qızıl-bu tipli böyük əşyaların və daşınan-daşınmaz əmlakın alqı-satqısı dollar üzərindən aparılırdı. Çünki manat sabit deyildi. İndi son zamanlarda da bu tendensiyanın şahidi oluruq. Hətta avtomobil, daşınmaz əmlak satışı saylarında qiymələrin yenidən dollarla göstərilməsini müşahidə edirik. Son bir ildə bu daha da artıb”.

İqtisadçı diqqətə çatdırıb ki, bütün mütəxəssislərin bir yanaşması var. Düşünürlər ki, ehtiyatda pul saxlayan istər hüquqi, istər fiziki şəxslər daha çox səbət prinsipinə arxalanmalıdır:

“Əslində, bir çox vətəndaşlar və şirkətlər də bu yolu gedirlər, üçlü səbət yaradırlar və avro ilə dollar həmişə bu səbətin içində olur. Çünki birinin qiymətinin düşməsi digərinin qiymətinin qalxması ilə müşahidə olunur və bir-birlərini tarazlayırlar. Üçüncü valyuta kimi ya İsveçrə frankını, ya İngiltərə funtunu, ya da Yapon yenini seçirlər. Bizdə bu iki valyutadan sonra ən popular valyuta Rusiya rublunu nəzərə almasaq, funt sterlinqdir. Çünki Rusiya rubluna tələbatın olması populyarlıqla əlaqəli deyil, sadəcə əlaqələr güclüdür, orada yaşayan azərbaycanlıların sayı çoxdur”.

Alternativ valyutaların Azərbaycan banklarında alınması məsələsinə gəldikdə isə ekspert, funt sterlinq və İsveçrə frankının mümkün olduğunu söyləyib:

“Mən şahidi də olmuşam. Hətta bankların nəzdində olan valyuta dəyişmə məntəqələrində onların məzənnəsi ayrıca qeyd olunur. Avro və dollarla yanaşı ən çox da funt sterlinqin məzənnəsi qeyd olunur. Lakin Yapon yeni dünyada çox populyar olduğu halda, Azərbaycanda onun alqı-satqısı demək olar ki, yox səviyyəsindədir”.

 

0
Yenisabah.az