Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 314 nömrəli məktəbin yanında salınmış Yeni Yaşayış Massivinin sakinləri həyətyanı sahəsindən neft çıxdığı üçün redaksiyamıza müraciət edib.
HİT.Az-ın xəbərinə görə, şikayətçi Hüseyn Cabbarov Qafqazinfo-ya bildirib ki, 7 aydır ərazidə özləri üçün müxtəlif məqsədlərlə qazılmış çalalara neft dolur:
"Həyətdə ağac əkmək üçün çala qazırıq, neft çıxır. Hər gün 50, 100 litr neft yığırıq, yenə çıxır. Yığmasaq, axıb qonşunun qapısına gedəcək. Çox pis qoxusu var, oturmaq mümkün deyil. Onkoloji xəstəyəm, məcbur qalmasam, bir gün burada yaşamaram. Hansısa uşaq, ya da böyük çaşıb neft olan əraziyə yanan bir şey atsa, 20-30 evin hamısı yanacaq.
Binəqədi Rayon İcra Hakimiyyətinə də, bələdiyyəyə də müraciət etmişik. Bələdiyyə aidiyyatı orqanlara məktublar yazıb.
Hazırda bu qədər müraciətlərimizə baxmayaraq məsul şəxslər neftə sahib çıxmırlar, amma sabah 3 litr satsam, məni tutacaqlar.
Koronavirusla bağlı iş yerləri bağlandıqdan sonra bizim məsələmizlə də maraqlanan olmadı. Böyük ehtimal yerin altından boru keçir və onda sızma yaranıb".
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məsələylə bağlı sözügedən sayta açıqlamasında bildirib ki, Binəqədi rayonunun yerləşdiyi ərazidə neft yatağı var və həmin neft yatağı əməliyyatçı şirkət tərəfindən istismar olunur: "Orada bəzi yerlərdə mancanaq dəstgahları var. Həmin əraziləri uzun müddət öncə bəzi vətəndaşlar zəbt ediblər, bəziləri isə qeyri-qanuni formada satıb. Hazırda həm orada, həm də digər ərazilərdə kütləvi formada məskunlaşmalar var. Ola bilər ki, həmin şəxs elə qadağan olunmuş mədən ərazisində evini tikib.
SOCAR da bu halın qarşısını almağa çalışıb dəfələrlə, ancaq nəzarət aparmaq mümkün olmadı. Bu da onun nəticəsidir. Əgər ev mədən ərazisində deyilsə, vətəndaş birbaşa olaraq neft şirkətinə və ya Energetika Nazirliyinə müraciət etməlidir. Mədən ərazisi sayılırsa, evin tikilməsi qeyri-qanunidir. Həmin ərazi vətəndaşa yox, şirkətə məxsusdur. Xeyli vətəndaşla bağlı məhkəmə qərarı da var ki, oradan çıxarılsın. Ancaq belə hallar çox olduğundan məhkəmə qərarları da tətbiq oluna bilmir. İnsanların da vəziyyəti çətindir, bu, başadüşüləndir, biz də qəbul edirik. Ancaq bu hal insanlar üçün təhlükə yaradır. Həm radiasiya yüksək olur, həm başqa təhlükəsizlik məsələləri var".
İ. Əhmədov qeyd edib ki, həmin ərazidə məskunlaşmış sakinlərin gələcək aqibəti hazırda gündəlikdədir:
"Hər bir halda gələcək üçün dövlət də bu haqda düşünür. Bildiyim qədər, orada hər hansı bir layihə təşkili üzərində işlər gedir. Ya həmin insanlar başqa əraziyə köçürüləcək və yaxud həmin torpaqda hasilat işlərinin aparılması nəzərdə tutulmursa, onların məskunlaşmasına icazə veriləcək. Artıq bu, dövlətin öz qərarıdır. SOCAR bununla bağlı qərar verə bilməz".
Milli.Az