Ötən ay bağlanan NBC banka bu ilin yanvarından əmanət yerləşdirən müştərilər əmanətlərinin geri alınması ilə bağlı yaşadıqları problemin həll olunmamasından şikayətçidirlər.
HİT.Az xəbər verir ki, bu barədə Axar.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan bank müştəriləri bildirirlər ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank NBC Banka əmanət qəbul etməyi qadağan etməsinə baxmayaraq, bank müştərilərinə bu barədə məlumat verməyib və 100-ə yaxın şəxsdən əmanətləri qəbul edərək müqavilə bağlayıb:
“Bununla əlaqədar yanvar ayından qoyulan əmanətlər sığortalı hesab edilmədiyi üçün onlar Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortasız sayılıb və bloklanıb. Hazırda əlimizdə müqavilə ola-ola əmanətlərimizi ala bilmirik. müqaviləmizdə də əmanətlərimizin sığortalandığı açıq-aydın qeyd edilib”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev deyib ki, bu məsələ hüquqi çərçivədə həll olunacaq:
“Bu problemin həlli istiqamətində işlər görülür. Problem vətəndaşların hüquqlarını qorumaq şərti ilə qanunvericilik normalarına uyğun həll olunacaq”.