Azərbaycanda daxili turizm yalnız bu halda bərpa edilə bilər

İQTİSADİYYAT
21:12 / 23.06.2020
1335

Yay mövsümü olduğundan koronavirus pandemiyasının qarşısını almaq üçün ölkədə tətbiq edilən məhdudiyyətdən hazırda ən çox zərər çəkən sahələrdən biri də daxili turizmdir. Əhalinin daha çox məskunlaşdığı iri şəhərlərdə məhdudiyyət qoyulmasına görə turizm məkanlarının əksəriyyəti boş qalıb.

Hazırkı durumda daxili turizmin qorunub saxlanılması üçün hansı işlər görülür? Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Lent.az -a bildirib ki, görüləcək bütün işlər Operativ Qərargahın qərarlarından asılıdır:

“Turizm sənayesinin bərpası üçün hazırlıq aparılıb. Növbəti qərarlar nə olacaqsa, ona uyğun addımlar atıla bilər. Bundan öncə Dövlət Turizm Agentliyi sənaye üzvləri ilə birgə bildirmişdi ki, sərt karantin şərtləri olmasa, iri şəhərlər və regionlar arasında əlaqələr bərpa edildikdən sonra turizm əvvəlki vəziyyətinə qayıtmağa başlayacaq”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbilə martın 19-dan bu günədək Bakı və digər böyük şəhərlərə giriş-çıxışa məhdudiyyətlər qoyulub. Pandemiyaya yoluxma hallarının artması isə təəssüf ki, həmin məhdudiyyətləri aradan götürməyə imkan verməyib.

0
Lent.az