Azərbaycanın İstanbuldakı Baş konsulluğu AZAL tərəfindən təşkil edilmiş xüsusi reyslərlə bağlı açıqlama yayıb.
Hit.Az-ın verdiyi xəbərə görə, açıqlamada deyilir:
“İstanbuldan Bakıya həyata keçirilən xüsusi uçuş reysləri "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti tərəfindən təşkil olunmaqla İstanbuldakı Baş konsulluqdan müstəqil şəkildə həyata keçirilməkdədir. Sözügedən xüsusi uçuşların tarixi, sayı, ardıcıllıq intervalı ölkəmizdəki epidemioloji vəziyyət nəzərə alınmaqla AZAL tərəfindən müəyyən olunur. İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi uçuş reysləri üzrə maliyyə şərtləri də AZAL tərəfindən müəyyən olunmaqdadır.
Qeyd olunan xüsusi uçuş reysləri barədə məlumat əldə etmək istəyən vətəndaşlarımıza, Baş konsulluğa gəlmədən də Baş konsulluğun telefon, qaynar xətt, elektron ünvan, sosial şəbəkə hesabları vasitəsilə də məlumat ala biləcəklərini xatırladır və xüsusi uçuş reyslərinin tarixi və uçuşla bağlı digər məlumatları əldə etmək məqsədilə AZAL-ın rəsmi internet səhifəsi (azal.az) və sosial şəbəkə hesablarını izləməyi tövsiyyə edirik.”