"Manat sabit qalacaq, Neft Fondu iqtisadiyyatı qoruyacaq..." - Avropa Bankı proqnozlarını açıqladı

İQTİSADİYYAT
09:03 / 14.05.2020
1371

2020-ci ildə Azərbaycan iqtisadiyyatında 3 faiz azalma gözlənir. Səbəb koronavirus pandemiyasının və neftin ucuzlaşmasının iqtisadiyyata təsiridir. Proqnozu Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən gün – mayın 13-də yayıb.

Bank bildirir ki, Azərbaycan 2021-ci ildə ÜDM-nin 3 faizlik artımıyla özünə gələ biləcək. AYİB-in Regional İqtisadi Proqnozlarına görə, “ÜDM-nin təxminən 90 faizini təşkil edən Neft Fondunun aktivləri iqtisadiyyatı xarici şokdan qoruyacaq”.

Hesabatda ölkədə valyuta məzənnəsinin sabit qaldığı vurğulanır. Amma xəbərdarlıq olunur ki, neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa, neftə qlobal tələb artmazsa, iqtisadiyyatda ciddi balans defisiti yaranar.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də AYİB Prezidenti Suma Çakrabarti ilə videokonfransda deyib ki, koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilib:"Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib. Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur…” – prezident vurğulayıb.

Region ölkələri

AYİB regionunda iqtisadiyyatlarda isə il ərzində ortalama 3,5 faiz azalma gözlənir. Gələn il 4,8 faizlik artım proqnozlaşdırılır. Eyni zamanda proqnozların “görünməmiş qeyri-müəyyənlik” altında olduğu bildirilir.

AYİB-in Baş iqtisadçısı Beata Javorcik deyib ki, dünya böhrandan çıxdıqca əməkdaşlıq və daha böyük iqtisadi davamlılıq barədə düşünmək lazımdır.

“İqtisadi millətçilik və proteksionizmlə məşğul olmaq zamanı deyil, azad ticarət, iqlim dəyişikliyinin yumşaldılması və iqtisadi əməkdaşlıq öhdəlikləri ilə daha yaxşı gələcək formalaşdırmaq lazımdır”, – o vurğulayıb. “Fiziki məsafə qaydası gözlənildiyindən daha artıq müddətə qüvvədə qalarsa, böhran daha da dərinləşəcək, 2019-cu ildə adambaşına istehsal səviyyəsinə bir neçə il çatmaq mümkün olmayacaq”, – hesabatda bildirilir.

Bu il Orta Asiya iqtisadiyyatlarında 1,2 faiz azalma, 2021-ci ildə isə 5,8 faizlik artım proqnozlaşdırılır.

Koronavirus pandemiyasının Rusiyaya ikiqat şok yaratdığı vurğulanır. Ölkə iqtisadiyyatı neftdən asılıdır və neft də xeyli ucuzlaşıb. Bu il Rusiya iqtisadiyyatında 4,5 faizlik azalma, 2021-ci ildəsə 4,0 faiz artım proqnozlaşdırılır. (azadliq.org)

1
Azpolitika.info