Son günlər Şamaxının və Göyçayın bəzi kəndlərində su quyularının quruması, kanalların suyunun kəskin azalması müşahidə olunur. Bunun nəticəsində isə kənd sakinləri ciddi su çatışmazlığı ilə üz-üzə qalır, nəinki təsərrüfatlarda istifadə etməyə, hətta içməyə də suyu çətinliklə əldə edirlər.
Sakinlərin bildirdiyinə görə, quyuların quruması, hətta bulaqların suyunun azalması çox nadir hadisədir. Ehtimal edilir ki, çətinliyin başlıca səbəbi yazda yağışların az olması ilə bağlıdır.
Maraqlıdır ki, bu il Azərbaycana yağıntıların həddən artıq az düşməsi ilə bağlı hər hansı statistika yoxdur.
Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis əvəzi Əli Əliyev bildirib ki, Böyük Qafqazın cənub–şərq yamacının dağətəyi ərazilərində son dövrlərdə yeraltı qrunt və təzyiqli suların səviyyəsində müşahidə olunan nisbi azalmanın ciddi geoloji əsasları qeydə alınmayıb:
“Bu proseslər əsasən mövsümü xarakterlidir və 2020-ci ildə atmosfer çöküntülərinin azlığı və qeyd olunan sulu horizontların qidalanma səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır.
Həmçinin mövsümlə əlaqədar yerüstü su ehtiyatlarından istifadə ilə yanaşı yeraltı sulardan da intensiv istifadə səviyyənin enməsinə səbəb olan amillərdən sayılır”.
Qeyd edək ki, mövcud vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini suyu israf etməməyə və mümkün qədər qənaətcil olmağa çağırıb.