“TANAP Azərbaycana hər il 500 milyon dollar qazandırır” 

İQTİSADİYYAT
16:18 / 27.06.2020
1177

“TANAP qaz kəmərinin tikintisi üzrə hökumətlərarası sazişin imzalanmasından 8 il ötür. O zaman borunun 12.5 milyard dollara başa gəlməsi ehtimal olunurdu. 2 il sonra dəqiq layihələndirmə işləri başa çatandan sonra qiymət 11.8 milyard dollara qədər azaldı. Yekunda isə 1850 km-lik TANAP 6.5 milyard dollara başa gəldi”.

Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə mütəxəssis İlham Şaban deyib.

İ.Şaban layihə qiymətinin bu qədər azalmasının səbəbini belə izah edib:

“2015-də dünya bazarında neft qiymətlərinin kəskin uçuzlaşması metal bazarına ciddi təsir edən amil oldu. Bundan əlavə neft-qaz sənayesində 400 min nəfər iş yeri azaldı, hasilatçı şirkətlərin kapital xərclərini kəskin azaltması sektor üçün maşın və mexanizmlərin qiymətinin xeyli azalmasına səbəb oldu. 2015-ci ilin avqustunda borunun fiziki tikinti işlərinə başlanıldı. 2018-ci ilin yanvarında artıq sınaq işlərinə start verildi və 30 iyun 2018-də bu kəmərlə ilk kommersiya qazı Türkiyə bazarına çatdırıldı. Bu il iyunun sonuna artıq TANAP ilə 6 milyard kubmetr qazın nəqli həyata keçiriləcək. Artıq gələn ildən TANAP-la Türkiyədə hər il əlavə 6 milyard kub metr qaz satmaq imkanı əldə edəcəyik və 10 milyard kub metr qazı da tranzit olaraq Avropa bazarına çıxarmaq imkanı qazanacağıq. TANAP nəqletmədən hər il təqribən 500 milyon dollar xalis vəsait qazanmaq imkanı yaradacaq Azərbaycana”.

0