Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Azərbaycana dağlıq, maili, relyefi çətin ərazilərdə biçin apara biləcək kombaynlar gətirilib. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə biçin zamanı xüsusi dağ kombaynlarından istifadə olunacaq. Ən son model olan kombaynlar tam kompüterləşdirilib, ən çətin, enişli-yoxuşlu ərazilərdə biçin apara bilir.
Dağ kombaynları Azırbaycan Prezidenti İlham Əliyevin “Aqrolizinq”in texnika parkının yenilənməsi məqsədilə ayırdığı vəsait hesabına alınıb. Dağlıq ərazilərdə biçin problemini köklü surətdə həll edəcək bu kombaynlar yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Dağ kombaynlarının 6 tonluq bunkeri, 5 klavişli küləş doğrayıcısı var.
Azərbaycanın dağlıq bölgələrində biçin aparmaq həmişə problem olub. İndiyədək çətin relyefli ərazilərdə yalnız sovet istehsalı olan kombaynlar biçin apara bilirdi. Ölkədə olan bu cür kombaynların istismar müddətinin bitməsi dağlıq ərazilərdə biçin aparılmasını ildən ilə çətinləşdirir, fermerlərin min əziyyətlə dəmyə torpaqlarda yetişdirdiyi məhsul yığılmamış qalırdı. Artıq yeni nəsil müasir kombaynların alınması dağlıq zonalarda biçin prosesini köklü surətdə həll edəcək.
MDB məkanında analoqu olmayan bu kombaynların Azərbaycana gətirilməsi taxılçılığın inkişafına müsbət təsir edəcək. Dağlıq zonalarda yaşayan fermerlər kombayn çatışmazlığı səbəbilə əkməkdən imtina etdikləri torpaqlarında yenidən dənli bitkilər əkə biləcəklər. Azərbaycanın dağlıq bölgələrində əkinə yararlı, lakin çətin relyefdə yerləşən, bu səbəbdən əkilməyən çoxlu ərazilər var. İndi isə texnika təminatının ən yüksək səviyyədə həlli dağlıq ərazilərdə indiyədək əkilməmiş torpaqları əkin dövriyyəsinə daxil etməyə imkan verəcək. Nəzərə alsaq ki, Azərbaycanın torpaq ehtiyatları məhduddur, ölkəyə müasir kənd təsərrüfatı texnikasının gətirilməsi qeyd olunan əraziləri əkin dövriyyəsinə daxil etmək imkanı yaradır.
Əvvəlki illərdə Lerik, Yardımlı, Cəlilabad, Tovuz, Daşkəsən, Gədəbəy kimi zonaların əhalisi biçin dövründə kombayn çatışmazlığı ilə üzləşib. Şəxsi müəlkiyyətdə olan kombaynların mexanizatorları həyati təhlükə olduğunu, maili ərazilərdə texnikanın aşa biləcəyini əsas gətirərək biçin qiymətini qaldırır, yaxud taxılı biçməkdən imtina edirdilər. Artıq bu çətinliklər keçmişdə qalır. Kənd Təsərrüfatı Nazirliyi ölkəyə gətirdiyi son model kombaynları bu rayonlarda biçinə cəlb edib. İlk test biçinləri uğurla nəticələnib.
Dünya texnika bazarında şərti olaraq “Transformer” adlandırılan bu kombaynların bir özəl xüsusiyyəti də məhsulu tam şəkildə, itkisiz yığa bilməsidir. Bu, həm dəmyə əkinlərdə məhsuldarlıq göstəricilərinin yüksəlməsinə, həm də fermerlərin daha çox gəlir əldə etməsinə imkan verəcək.